Bakı.Trend:
Fars körfəzi ölkələri Hörmüz boğazından yan keçən neft boru kəmərlərinin tikintisinə 40 milyard dollar investisiya yatıra bilər.
Beynəlxalq Enerji Agentliyinin (BEA) “World Energy Outlook 2026” hesabatında bildirilir ki, Fars körfəzi ölkələri ixrac marşrutlarını şaxələndirmək və Hörmüz boğazından asılılığı azaltmaq məqsədilə sutkada ümumi gücü təxminən 7 milyon barel neft təşkil edəcək yeni boru kəmərlərinin tikintisini nəzərdən keçirirlər. Qeyd olunur ki, bu layihələrin həyata keçirilməsi təxminən 40 milyard dollar investisiya tələb edəcək və Yaxın Şərqdən neft ixracının maya dəyərini bir barel üçün təxminən 2 dollar artıracaq.
“Bütün nəzərdən keçirilən boru kəməri layihələri həyata keçirilərsə, Fars körfəzindən kənarda neft hasilatı artırılarsa və idxalçı ölkələrdə neftə tələbat azalarsa, Hörmüz boğazından keçən neft tədarükünün həcmi 2035-ci ilədək sutkada 2 milyon barelə qədər azala bilər.
İxrac marşrutlarının şaxələndirilməsi Yaxın Şərqdəki qeyri-sabitliklə bağlı riskləri tam aradan qaldırmayacaq. Belə ki, Fars körfəzi ölkələrindən neft tədarükü üçün alternativ marşrutlar da regional qeyri-sabitlik şəraitində həssas vəziyyətə düşə bilər.
Hətta marşrutların şaxələndirilməsinin ən genişmiqyaslı ssenarisi həyata keçirilsə belə, Yaxın Şərq beynəlxalq bazarlara ən böyük neft ixracatçısı olaraq qalacaq. Bu, qlobal neft bazarı və enerji təhlükəsizliyi baxımından regiondan tədarükün əhəmiyyətinin qorunub saxlanıldığını göstərir”, - deyə agentlik qeyd edir.
Hesabatda, həmçinin bildirilir ki, enerji təchizatının dayanıqlığının artırılması strateji ehtiyatların yaradılması və alternativ təchizat mənbələrinin inkişafı üçün əlavə xərclər tələb edəcək. Xüsusilə, tədarükün şaxələndirilməsi ABŞ, Kanada, Braziliya, Qayana, Argentina və Venesuela da daxil olmaqla Şimali və Cənubi Amerika ölkələrinin neft istehsalçıları üçün hasilatı artırmaq baxımından yeni imkanlar yaradır.
BEA qeyd edir ki, ölkələr, xüsusilə tədarükdə fasilələrdən daha çox zərər çəkən Asiya dövlətləri neft ehtiyatlarının artırılmasına və bərpasına daha çox diqqət yetirəcəklər. 2026-cı ildə BEA-ya üzv ölkələrin tarixdə ən böyük razılaşdırılmış neft ehtiyatlarının bazara çıxarılması da daxil olmaqla, strateji ehtiyatlar tədarük çatışmazlığının nəticələrinin yumşaldılmasında mühüm rol oynayıb.
Bundan əlavə, bəzi ölkələr neft məhsullarının tədarükünün etibarlılığını artırmaq məqsədilə mövcud neft emalı zavodlarının modernləşdirilməsi imkanlarını nəzərdən keçirirlər. Bununla belə, agentlik xəbərdarlıq edir ki, yeni NEZ-lərin tikintisi tələbatın dayanıqlı perspektivlərini və rəqabətqabiliyyətli istismar şərtlərini tələb edir. Çünki bu cür investisiyaların yalnız enerji təhlükəsizliyi mülahizələri ilə əsaslandırılması uzunmüddətli və bahalı dövlət subsidiyalarına səbəb ola bilər.
“Şaxələndirmə məsələsi yalnız Hörmüz boğazı ilə məhdudlaşmır. STEPS və CPS ssenarilərinə əsasən, 2035-ci ilədək Cənub-Şərqi Asiyada Malakka boğazından keçən neft daşımalarının həcmi sutkada 23-25 milyon barelə çatacaq. Eyni zamanda, Asiyada idxal tələbatının artması fonunda bu marşrut üzrə mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarının həcmi 200-250 milyard kubmetrə yüksələcək.
Hesabatda təbii qaz tədarükünə də xüsusi diqqət yetirilir. Neftdən fərqli olaraq, Fars körfəzi ölkələrindən LNG ixracı üçün Hörmüz boğazından yan keçən alternativ marşrutlar demək olar ki, yoxdur. Bununla belə, digər ölkələrdən, ilk növbədə ABŞ-dən LNG tədarükünün sürətlə artması qlobal qaz təhlükəsizliyi ilə bağlı riskləri qismən azaldır”, - deyə agentlik bildirir.
BEA, həmçinin enerji sisteminin digər seqmentlərində asılılığın həddindən artıq cəmləşməsinə diqqət çəkir. Buraya neft və qaz ixracından əldə olunan gəlirlərdən ciddi şəkildə asılı olan ölkələrin iqtisadiyyatları, eləcə də təmiz enerji texnologiyalarının istehsalı və kritik əhəmiyyətli mineralların tədarük zəncirlərinin müəyyən ölkələrdə cəmləşməsi daxildir.
Vurğulanır ki, Çin enerji sektorunda istifadə olunan 20 strateji əhəmiyyətli mineraldan 19-nun emalında dominant mövqeyə malikdir. Eyni zamanda, bu mineralların yarıdan çoxunun ixracına məhdudiyyətlər tətbiq olunur.
