Bakı. Trend:
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yaranan yubanmaların səbəbi açıqlanıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib. Bu səbəbdən hərəkət təhlükəsizliyini təmin edən mühafizə sistemi işə düşüb və qatarların hərəkəti ehtiyat sistem vasitəsilə tənzimlənib.
Nəticədə yalnız Qırmızı xətdə qatarların hərəkətində yubanmalar yaranıb. Yaşıl və Bənövşəyi xətlərdə isə qatarlar normal qrafik üzrə hərəkətini davam etdirib.
Qeyd olunub ki, dərhal texniki baxış keçirilib, xəta müəyyən edilərək 5 dəqiqə ərzində operativ şəkildə aradan qaldırılıb.
Hazırda Qırmızı xətdə qatarların hərəkəti pik saat intervalına uyğun təmin edilir.
Qeyd edək ki, axşam saatlarında metronun “İçərişəhər” və “28 May” stansiyalarında sərnişin sıxlığı müşahidə olunub. “İçərişəhər” stansiyasında isə üç giriş qapısından yalnız biri sərnişinlərin istifadəsinə açıq olub.
