Bakı. Trend:
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər eyni əməllərə görə məhkum olunmuş 44 yaşlı Xalid Mustafayev Xətai rayonu ərazisində özünə məxsus “Vidal” aptekdə güclü təsir edən dərman preparatlarını narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satdığı üçün saxlanılıb. Baxış zamanı aptekdən İran İslam Respublikasında istehsal edilərək ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik tərkibli güclü təsir edici “Diazepam” və “Pregabalin” (lirika) həbləri aşkarlanaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı X.Mustafayevin narkotik tərkibli
həblərin qanunsuz dövriyyəsini birlikdə təşkil etdiyi şəxslərin
dairəsi də müəyyənləşdirilib. Davam etdirilən əməliyyatlarla həmin
şəxslər - 38 yaşlı Orxan Kəngərli, 35 yaşlı Elşad Aslanlı, 36 yaşlı
Pərviz İsmayılov, 34 yaşlı Tural Əliyev, 43 yaşlı Tural Ağayev və
35 yaşlı Murad Həsənov da polis tərəfindən saxlanılıblar. Baxış
zamanı bu şəxslərdən də güclü təsir edici “Pregabalin” həbləri
aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, T.Əliyev narkotik asılılığı olan
O.Kəngərli və hazırda şəxsiyyətləri istintaqla araşdırılan
digərlərini tanışı X.Mustafayevlə əlaqələndirib. Bu şəxslər isə öz
növbəsində müxtəlif vaxtlarda həmin aptekdən xüsusi resept əsasında
satılması nəzərdə tutulan “Pregabalin” və digər adlarda olan
psixotrop tərkibli preparatları qanunsuz yollarla əldə ediblər.
Bəzi hallarda isə narkotik tərkibli həblərin ödənişi T.Əliyevin
bank kartına köçürülərək bu yolla X.Mustafayevə çatdırılıb.
İstintaq zamanı müəyyən edilib ki, O.Kəngərli əldə etdiyi güclü
təsir edici həblərdən şəxsi istifadəsi ilə yanaşı, müxtəlif
vaxtlarda tanışı E.Aslanlıya və P.İsmayılova da satıb. Bu məqsədlə
O.Kəngərli satdığı narkotiklərin gizlədildiyi yerin ünvanını qohumu
M.Həsənov vasitəsilə E.Aslanlıya göndərib. Bundan başqa,
O.Kəngərlinin digər qohumu T.Ağayevlə güclü təsiredici
preparatların istifadə etməsi ilə bağlı apardığı danışıqlar, eləcə
də həmin maddələri “liri”, “lirik” “lirika” kimi şərti adlar
altında əldə etməsinə dair məlumatlar əldə edilən texniki
sübutlarla təsdiqini tapıb.
Qeyd edilən faktlarla bağlı O.Kəngərliyə və X.Mustafayevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə adı keçən digər şəxslər barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsi istiqamətində istintaq araşdırmaları davam etdirilir.