Azərbaycan əsilli rusiyalı iş adamı, “Lukoil” neft şirkətinin təsisçisi Vahid Ələkbərov dünyanın ən varlı milyarderlərinin reytinqində 77-ci yerdə qərarlaşıb.
Forbes-un 21 noyabr tarixinə olan onlayn reytinqində 76 yaşlı Vahid Ələkbərovun sərvəti 29,5 milyard dollar qiymətləndirilib.
Xatırladaq ki, Vahid Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda anadan olub. O, Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb. Əmək fəaliyyətinə neft sənayesində başlayan Ələkbərov sonradan Sovet İttifaqının neft-qaz sektorunda rəhbər vəzifələrdə çalışıb.
1991-ci ildə o, Rusiyada üç iri neft hasilatı müəssisəsinin birləşdirilməsi əsasında “Lukoil” şirkətini yaradıb. Şirkət sonradan Rusiyanın ən böyük müstəqil neft şirkətlərindən birinə çevrilib.
Ələkbərov uzun illər “Lukoil” şirkətinə rəhbərlik edib. O, 1993-cü ildən şirkətin prezidenti olub, 2022-ci ilin aprelində isə bu vəzifədən istefa verib. Forbes-un məlumatına görə, onun şirkətdəki payı təxminən 30 faizdir.
