Bakı. Trend:
Azərbaycan milli komandasının futbolçusu Lorenzo Mezzotero İtaliya B Seriyasının 12-ci turunda “Sampdoriya”nın “Benevento” üzərində 3:1 hesablı qələbəsinə töhfə verib.
Genuyada keçirilən qarşılaşmaya start heyətində başlayan 18 yaşlı hücumçu 34-cü dəqiqədə komandasının üçüncü qolunu vurub.
Mezzoteronun fərqlənməsində məhsuldar ötürməni İtaliya millisinin heyətində 2020-ci il Avropa çempionatının qalibi olmuş Lorenso İnsinye edib.
Matçda hesabı 10-cu dəqiqədə Cennaro Tutino açıb. “Benevento” 15-ci dəqiqədə Leonardo Sernikolanın qolu ilə tarazlığı bərpa etsə də, 22-ci dəqiqədə İnsinye “Sampdoriya”nı yenidən önə çıxarıb. Mezzotero isə 34-cü dəqiqədə oyunda son nöqtəni qoyub.
Azərbaycan millisinin üzvü 59-cu dəqiqədə Françesko Konti ilə əvəzlənib.
Bu qələbə “Sampdoriya”nın B Seriyasında ardıcıl üçüncü uğuru olub.
Qeyd edək ki, Mezzotero bu yaxınlarda Genuya təmsilçisi ilə müqaviləsinin müddətini 2030-cu ilədək uzadıb. Razılaşmada əməkdaşlığın daha bir mövsüm artırılması imkanı da nəzərdə tutulub.
