TRIPP layihəsinin işə salınması noyabrın 22-də rəsmən elan ediləcək.
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən DigiTec 2026 forumunda bildirib.
Paşinyan layihənin əsas istiqamətlərindən biri kimi elektrik enerjisinin tranzitini göstərib. Onun sözlərinə görə, Ermənistan öz elektrik şəbəkəsini Türkiyə və Azərbaycanın elektrik şəbəkələri ilə birləşdirməyi planlaşdırır.
Bundan əvvəl, noyabrın 18-də parlamentdə hökumət saatı zamanı Baş nazir Ermənistanın layihənin praktiki icrası mərhələsinə keçdiyini bildirmişdi.
Onun sözlərinə görə, mühüm mərhələlərdən biri nəqliyyat kommunikasiyalarının tikintisi üçün zəruri olan uzunluqda Ermənistan-Azərbaycan sərhədinin cənub hissəsində delimitasiya və demarkasiya işlərinin aparılması olacaq.
Qeyd edək ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.
