Bakı. Trend:
Hindistanın şimal-şərqində yerləşən Manipur ştatında saxta olduğu ehtimal edilən spirtli içkidən zəhərlənmə nəticəsində 11 nəfər həyatını itirib, 180-dən çox insan xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Rəsmilər son bir həftə ərzində Manipurun Suqnu şəhərindən alınmış spirtli içkini qəbul edən sakinləri tibbi müayinədən keçməyə çağırıblar.
Polis komissarının müavini isə əhaliyə mənşəyi məlum olmayan spirtli içkilərdən istifadə etməmək barədə xəbərdarlıq edib.
Ştatın Baş naziri Yumnam Khemçand Sinqh cümə günü açıqlamasında bildirib ki, indiyədək iki xəstəxanaya 180-dən çox xəstə yerləşdirilib, son 48 saat ərzində isə ölənlərin sayı 11-ə çatıb.
Baş nazir hadisənin hərtərəfli araşdırılması barədə göstəriş verdiyini və təqsirkarların qanun qarşısında məsuliyyətə cəlb olunacağını vurğulayıb.
