Bakı. Trend:
Rumıniyada pensiyaların yenidən hesablanmasını nəzərdə tutan qanunun qəbulundan sonra 60 mindən çox təqaüdçü məhkəməyə müraciət edib. İslahat bir sıra əhali qrupları üçün sosial ödənişlərin azalmasına səbəb olub.
Bu barədə Dövlət Pensiyaları üzrə Milli Fondun sədri Valentina Robu məlumat verib.
“360 saylı Qanun qüvvəyə mindikdən sonra təxminən 60 min məhkəmə iddiası qaldırılıb. Təqaüdçülərin ədalət mühakiməsinə müraciət etmək hüququna mane ola bilmərik”, – deyə o bildirib.
Valentina Robunun sözlərinə görə, müraciətlərdən 40 mini hələ də baxılma mərhələsindədir. Artıq araşdırılmış 20 min işdən təxminən 6 minində iddiaçıların tələbləri təmin edilib.
Qeyd edək ki, pensiya islahatı 2023-cü ildə Rumıniya Parlamenti tərəfindən təsdiqlənib. İslahatın həyata keçirilməsi Avropa İttifaqından 3,1 milyard avro həcmində maliyyə vəsaitinin alınması üçün şərtlərdən biri olub.
Avropa Komissiyasının müəyyən etdiyi müddətlərə riayət etmək məqsədilə qanun sürətləndirilmiş prosedur əsasında qəbul edilib.
