Bakı. Trend:
Amerikanın “SpaceX” şirkətinə məxsus “Cargo Dragon” yük kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyadan (BKS) Yerə uğurla qayıdıb.
Bu barədə şirkətin sosial şəbəkə hesabında məlumat verilib.
“Cargo Dragon”un Sakit okeana enişinin təsdiqləndiyi bildirilib. Bununla da “SpaceX”in Beynəlxalq Kosmik Stansiyaya 35-ci kommersiya missiyası başa çatıb.
Kosmik gəmi oktyabrın 15-də orbital stansiyaya çataraq 2,8 tondan çox yük çatdırıb. Yükə mikroqravitasiyanın 3D ürək toxuması modellərinin böyüməsinə və fəaliyyətinə təsirinin öyrənilməsi üçün nəzərdə tutulan materiallar da daxil olub.
“Cargo Dragon” noyabrın 20-də Moskva vaxtı ilə saat 20:05-də Beynəlxalq Kosmik Stansiyadan ayrılıb. 24 saatdan çox davam edən uçuşdan sonra kosmik gəmi Kaliforniya sahilləri yaxınlığında Sakit okeana enib. O, stansiyada aparılan elmi təcrübələrin nəticələrini də Yerə gətirib.
Qeyd edək ki, “SpaceX”in “Cargo Dragon” gəmisindən başqa, “Northrop Grumman” şirkətinin “Cygnus” kosmik gəmisi də ABŞ tərəfindən stansiyaya yük daşımaq üçün istifadə olunur. Lakin “Cygnus” Yerə qayıdarkən BKS-dən çıxarılan tullantılarla birlikdə atmosferin sıx qatlarında yanır.
