Bakı.Trend:
İraq keçmiş prezident Səddam Hüseynin hökumətinin istifadə etdiyi, dövlətə məxsus "Iraqi Airways" aviaşirkətinə aid iki "Boeing 747 " təyyarəsini satışa çıxarıb.
Bu barədə "The Economic Times" İraqın Nəqliyyat Nazirliyinə istinadən xəbər yayıb.
Xəbərə görə, hər bir təyyarənin qiyməti 900 min dollar müəyyən edilib.
Söhbət "Boeing 747-200" (YI-AGP) və "Boeing 747SP" (YI-ALM) təyyarələrindən gedir. Hər iki hava gəmisi 1982-ci ildə istehsal olunub və "Pratt & Whitney JT9D" mühərrikləri ilə təchiz edilib.
Təyyarələr 1990-cı ilin avqustunda İraqın Küveytə müdaxiləsindən sonra ölkə hüdudlarından kənara çıxarılıb. Həmin vaxt Bağdad təyyarələrin ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava zərbələrinin hədəfinə çevriləcəyindən ehtiyat edərək onları xaricə göndərib.
1991-ci il yanvarın 1-dən etibarən "Boeing 747SP"Tunisin cənubunda yerləşən Tozer-Nefta hava limanında saxlanılır. Hər iki təyyarə həmin vaxtdan bəri İraqa qaytarılmayıb. Onların satışına dair qərar 2025-ci ilin fevralında ölkənin Baş nazirinin Aparatı tərəfindən təsdiqlənib.
