Azərbaycan İtaliya ilə əməkdaşlığı genişləndirəcək - Mikayıl Cabbarov

İqtisadiyyat Xəbər 23 Noyabr 2026 11:36 (UTC +04:00)
Azərbaycan İtaliya ilə əməkdaşlığı genişləndirəcək - Mikayıl Cabbarov
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan İtaliya ilə enerji, sənaye, kritik xammal, rəqəmsal texnologiyalar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.

Nazir bildirib ki, Azərbaycan qazının Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə İtaliya və bir sıra Avropa ölkələrinə çatdırılması enerji təhlükəsizliyinə mühüm töhfə verir.

“Dəhlizi ölkələrimizin uzunmüddətli əməkdaşlığının mühüm göstəricisi hesab edirik. Dəhlizin Avropa hissəsi olan Trans-Adriatik boru kəməri ilə nəql edilən Azərbaycan qazı İtaliya və bir sıra Avropa bölgələrinin enerji təhlükəsizliyinə töhfə verir. Eyni zamanda, Mərkəzi Asiyanın enerji resurslarının Xəzər dənizi üzərindən Avropaya çatdırılması, o cümlədən Xəzər regionunda bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin Avropaya ixracı istiqamətində tərəfdaşlarımızla işləyirik”, - o deyib.

M.Cabbarov təhsil sahəsində əlaqələrin də xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, Bakıda fəaliyyətə başlayan İtaliya-Azərbaycan Universitetinin iki ölkə arasında akademik münasibətlərin möhkəmləndirilməsinə və Azərbaycanda müasir bilik və bacarıqlara malik mütəxəssislərin yetişdirilməsinə töhfə verəcəyini bildirib.

“Bakıda fəaliyyətə başlayan İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında akademik əlaqələrin möhkəmləndirilməsində, ölkəmizdə müasir bilik və bacarıqlara malik mütəxəssislərin yetişdirilməsinə töhfə verəcək. Analoji şəkildə yüzlərlə Azərbaycan tələbəsi bu gün İtaliyanın ali təhsil müəssisələrində təhsil alır”, - nazir qeyd edib.

O, iqtisadi tərəfdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün enerji sahəsində uzun illər ərzində formalaşmış qarşılıqlı etimadın mühüm zəmin yaratdığını deyib. M.Cabbarovun sözlərinə görə, kritik xammal, rəqəmsal texnologiyalar, sənaye və biznes sahələrində əməkdaşlığa dair sənədlərin imzalanması iqtisadi əlaqələrin şaxələndirilməsinin göstəricisidir.

Nazir dağ-mədən və metallurgiya sənayesini sənaye əməkdaşlığının perspektivli istiqamətlərindən biri kimi dəyərləndirib. Bu sahədə əsas məqsəd xammalın daha dərindən emalını təmin etmək, yüksək əlavə dəyərli məhsulların istehsalını və ixracını artırmaqdır.

“İtaliyanın maşınqayırma və metallurgiya sahəsində zəngin sənaye təcrübəsi Azərbaycanda texnologiya transferi, yerli istehsalın gücləndirilməsi və yüksək əlavə dəyərli məhsulların istehsalı üzrə birgə layihələr üçün geniş imkanlar yaradır. Bu baxımdan İtaliya ilə kritik xammal sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”, - o bildirib.

M.Cabbarov xatırladıb ki, bu ilin oktyabrında Romada kritik xammal sahəsində strateji əməkdaşlığa dair birgə bəyannamə imzalanıb. Onun sözlərinə görə, biznes forum çərçivəsində kritik xammallar sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması da nəzərdə tutulur.

“Memorandum Qafqaz, Mərkəzi Asiya və Afrikada birgə layihələrin müəyyənləşdirilməsini və Azərbaycanın regional logistika imkanlarından, o cümlədən Orta Dəhlizdən istifadə etməklə xammalın İtaliya və Avropanın sənaye təchizat zəncirlərinə inteqrasiyasını nəzərdə tutur”, - nazir deyib.

O, həmçinin süni intellekt və rəqəmsallaşmanın Azərbaycanın iqtisadi inkişaf gündəliyinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Bildirib ki, bu sahədə ardıcıl dövlət proqramları qəbul edilib və 2027-ci ildən etibarən innovasiya, startap və texnologiya parklarının inkişafı istiqamətində işlər davam etdiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti