İtaliya şirkətləri Ələt Azad İqtisadi Zonasında müəssisələr qurmağa dəvət edilib

Biznes və iqtisadiyyat xəbərləri Xəbər 23 Noyabr 2026 10:47 (UTC +04:00)
İtaliya şirkətləri Ələt Azad İqtisadi Zonasında müəssisələr qurmağa dəvət edilib
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) tətbiq olunan xüsusi qanunvericilik çərçivəsi və hüquqi müstəqillik investorlar üçün mühüm üstünlüklər yaradır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanın 90-dan çox qanunvericilik aktına edilmiş müvafiq dəyişikliklər Ələt Azad İqtisadi Zonasının qanunvericiliyinin ölkənin əsas iqtisadi qanunvericiliyindən üstün tutulmasını təmin edir.

“Bu o deməkdir ki, ölkənin əsas iqtisadi sistemində fəaliyyət göstərən dövlət və hökumət qurumlarının Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun, eləcə də investorlar tərəfindən yaradılan və fəaliyyət göstərən hüquqi şəxslərin və onların müəssisələrinin fəaliyyətini tənzimləmək və ya onlara nəzarət etmək səlahiyyəti yoxdur”, - V.Ələsgərov bildirib.

O qeyd edib ki, Ələt Azad İqtisadi Zonasının hüquqi müstəqilliyi və ekstraterritoriallıq prinsipi investorlar üçün xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, beynəlxalq təcrübə bu amillərin investorların qərarlarına vergi güzəştlərindən daha güclü təsir göstərə biləcəyini ortaya qoyur.

“Bu, çox mühüm məsələdir. Dünya təcrübəsi göstərir ki, bu parametr investorlar üçün, bəlkə də, vergi şərtlərindən qat-qat daha əhəmiyyətlidir. Müstəqillik və ekstraterritoriallıq investorlar üçün böyük önəm daşıyan amillərdəndir”, - o vurğulayıb.

V.Ələsgərov, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Ələt Azad İqtisadi Zonasına dair qanununda ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilə, konvensiya və digər sazişlərin azad zona qanunvericiliyinin bütün subyektlərinə - həm hüquqi, həm də fiziki şəxslərə şamil olunduğu açıq şəkildə təsbit edilib.

İdarə Heyətinin sədri çıxışının sonunda İtaliya şirkətlərini və digər investorları Ələt Azad İqtisadi Zonasına səfərə dəvət edib.

“İnvestorlar tərəfindən maraq olarsa, istənilən vaxt Ələt Azad İqtisadi Zonasına səfərinizi təşkil edə bilərik. Əminəm ki, ərazimizlə yerində tanış olduqdan sonra burada öz müəssisələrini qurmaq istəyən şirkətlər tapılacaq”, - V.Ələsgərov əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti