Bakı. Trend:
Yunanıstan polisi qanunsuz miqrantlar üçün sifariş əsasında saxta pasportlar, şəxsiyyət vəsiqələri, yaşayış icazələri, konsulluq vizaları və sürücülük vəsiqələri hazırlamaqla 500 min avrodan çox gəlir əldə edən cinayətkar qrupu zərərsizləşdirib.
Bu barədə “Naftemporiki” qəzeti məlumat yayıb.
Cinayətkar qrupun ən müasir avadanlıqlarla təchiz edilmiş, saxta sənədlərin hazırlanması üzrə tam təchizatlı laboratoriyası olub. Təşkilat ən azı 2022-ci ildən fəaliyyət göstərib və əsasən əcnəbilər, xüsusilə İran və Türkiyə vətəndaşları üçün saxta sənədlərin hazırlanması ilə məşğul olub. Polisin qiymətləndirməsinə görə, qrupun əldə etdiyi gəlir 500 min avronu ötüb.
Avropa İttifaqının Polis Xidməti (Europol) ilə əməkdaşlıq çərçivəsində aparılan bir neçə aylıq istintaqdan sonra noyabrın 19-da Afinanın Nea-Smirni və Aqios-Panteleymonas rayonlarında polis əməliyyatı keçirilib. Əməliyyat nəticəsində qruplaşmanın üç üzvü – 45 və 27 yaşlı iki İran vətəndaşı, həmçinin 50 yaşlı Bolqarıstan vətəndaşı saxlanılıb.
İş üzrə Afinanın mərkəzində mobil telefon mağazasının sahibi olan İran vətəndaşı qadın da şübhəli şəxs qismində keçir. Polisin məlumatına görə, həmin mağazadan qruplaşma üzvlərinin qanunsuz fəaliyyətləri üçün istifadə olunub.