Bakı. Trend:
Tanzaniyanın Zənzibar adasının şimalında yerləşən Nungvi kurortunda altı hoteldə yanğın baş verib.Yanğın noyabrın 21-də günorta saatlarında başlayıb. Alov altı hotelin tikililərini, dörd restoranı və təxminən 40 mağazanı əhatə edib.
Yerli KİV-in məlumatına görə, hotel qonaqları arasında ölən və xəsarət alan olmayıb, lakin evakuasiya zamanı bəzi hotel əməkdaşları yüngül xəsarətlər alıblar.
Zənzibarın turizm və qədim abidələr naziri Nasra Nassor Omarın sözlərinə görə, yanğın hotellərdən birinin mətbəxində başlayıb. Sıx tikililər və palma yarpaqlarından hazırlanmış dam örtükləri alovun yayılmasına səbəb olub.
Yanğını təxminən üç saat ərzində nəzarət altına almaq mümkün olub. Hadisənin səbəbləri və dəymiş ziyanın miqyası araşdırılır.