Azərbaycan kritik mineralların emalı və logistika mərkəzinə çevrilmək potensialına malikdir - Zakir İbrahimov

İqtisadiyyat Xəbər 23 Noyabr 2026 10:50 (UTC +04:00)
Azərbaycan kritik mineralların emalı və logistika mərkəzinə çevrilmək potensialına malikdir - Zakir İbrahimov
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Bu gün kritik minerallar qlobal iqtisadi rəqabətqabiliyyətlilik, sənaye və enerji keçidi baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın bu sahədə əsas ölkələrdən birinə çevrilməsi üçün lazımi potensialı var.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda deyib.

O bildirib ki, Azərbaycanın zəngin mineral xammal bazası, sənaye və enerji infrastrukturu, eləcə də Orta Dəhliz üzərində yerləşən əlverişli coğrafi mövqeyi ölkəyə bu sahədə mühüm üstünlüklər qazandırır.

“Bu üstünlüklər ölkəmizə yalnız xammal tədarükçüsü deyil, həm də regionda emal və logistika imkanlarını birləşdirən mərkəzə çevrilmək potensialı verir.

Bu strateji hədəfə çatmaq üçün ölkəmizdə ardıcıl addımlar atılır. Cari ilin sentyabr ayında Azərbaycanda mineral xammal, metallurgiya və dağ-mədən sənayelərinin inkişafını əhatə edən 2027-2030-cu illər üzrə Dövlət Proqramı təsdiq edilib.

Milli dağ-mədən şirkəti olaraq “AzerGold” bu strateji hədəflərin həyata keçirilməsində fəal iştirak edir. Bu istiqamətdə konkret layihələr reallaşdırılır".

Z. İbrahimov bildirib ki, ilk növbədə, ölkə ərazisində müasir texnologiyalara və günün tələblərinə cavab verən yanaşmalar tətbiq edilməklə genişmiqyaslı geoloji tədqiqat və kəşfiyyat işləri aparılır:

"Filizçay" polimetal yatağının mövcud ehtiyatları, xüsusilə mis və sink ehtiyatları geniş investisiya imkanları yaradır.

Naxçıvan Muxtar Respublikası ərazisində də artıq icrasına başlanılmış layihəni qeyd etmək istərdim. Birləşmiş Ərəb Əmirliklərinin şirkəti ilə birgə müəssisə yaradılaraq mis yataqlarının kəşfiyyatı aparılır.

Bu forumda xüsusilə "Daşkəsən" dəmir filizi layihəsini qeyd etmək istərdim. İtaliyanın “Tenova” şirkəti və “SACE” kimi maliyyə tərəfdaşları ilə əməkdaşlıq müasir texnologiyaların beynəlxalq maliyyə alətləri ilə birləşdirilməsinə imkan yaradır. Bu nümunə göstərir ki, İtaliya ilə tərəfdaşlıq artıq sadəcə niyyət deyil, real nəticələrə əsaslanır.

Bu gün biz İtaliya şirkətlərinə Azərbaycanda təkcə mineral yataqlara çıxış imkanları deyil, həm də birgə dəyər yaradılması, emal, texnologiya və məhsulun son mərhələsinədək uzanan istehsal zəncirində əməkdaşlıq təklif edirik”, - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti