Makron büdcə kəsirinin məhdudlaşdırılmasını Fransanın Konstitusiyasına daxil etməyi planlaşdırır

Dünya xəbərləri Xəbər 23 Noyabr 2026 03:29 (UTC +04:00)
Makron büdcə kəsirinin məhdudlaşdırılmasını Fransanın Konstitusiyasına daxil etməyi planlaşdırır

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron 2027-ci ilin mayında başa çatacaq prezidentlik səlahiyyətlərinin müddəti bitənədək büdcə kəsirinin məhdudlaşdırılmasını nəzərdə tutan “qızıl qayda”nı ölkə Konstitusiyasında rəsmiləşdirməyi planlaşdırır.

Bu barədə “La Tribune Dimanche” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, nəzərdə tutulan konstitusiya dəyişiklikləri üçün əsas kimi 2011-ci ildə o zamankı Baş nazir Fransua Fiyonun rəhbərlik etdiyi hökumət tərəfindən hazırlanmış islahat layihəsi götürülə bilər.

Həmin vaxt sənəd parlamentin hər iki palatasından təsdiq alsa da, son nəticədə qüvvəyə minməyib. Belə ki, o dövrdə prezident olan Nikola Sarkozi seçkiqabağı dövrdə məsələni referenduma çıxarmaqdan imtina edib. Parlamentin hər iki palatasının birgə iclasında islahatın qəbul edilməsi isə Sosialist Partiyasının etirazları səbəbindən baş tutmayıb.

Qəzetin məlumatına əsasən, Makron konstitusiya islahatını parlamentin Milli Assambleya və Senat üzvlərindən ibarət Konqresinin birgə iclasında qəbul etdirməyi nəzərdə tutur. Belə bir iclasın 2027-ci ilin yanvarında keçirilməsi ehtimal olunur.

İslahatın təsdiqlənməsi üçün səsvermədə iştirak edən deputat və senatorların ən azı beşdə üçünün dəstəyi tələb olunur. Nəşr hesab edir ki, mərkəzçi və sağçı siyasi qüvvələrin, eləcə də müxalifətdəki “Milli Birlik” partiyasının dəstəyi sayəsində tələb olunan səs çoxluğunu toplamaq mümkündür.

Bununla yanaşı, “qızıl qayda”nın tətbiqini dəfələrlə müdafiə etmiş Marin Le Pen 2011-ci ildə hazırlanmış layihəni öz partiyasının təklifləri ilə müqayisədə yetərincə təkmil hesab etmir.

Digər tərəfdən, daha əvvəl parlament tərəfindən təsdiqlənmiş sənədə ediləcək hər hansı dəyişiklik onun yenidən hər iki palatada müzakirəyə çıxarılmasını tələb edəcək. Bu amil təşəbbüsün reallaşdırılmasını çətinləşdirə bilər.

Yelisey sarayı mümkün konstitusiya islahatının hazırlanması ilə bağlı məlumatlara hələlik münasibət bildirməyib.

Xəbər lenti

Xəbər lenti