Azərbaycan və İtaliya sənaye, enerji və logistika sahələrində birgə investisiyaları genişləndirə bilər - Dəyanət Sədullayev

İqtisadiyyat Xəbər 23 Noyabr 2026 11:00 (UTC +04:00)
Azərbaycan və İtaliya sənaye, enerji və logistika sahələrində birgə investisiyaları genişləndirə bilər - Dəyanət Sədullayev
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İtaliya arasında münasibətlər uzun illərdir qarşılıqlı etimad və strateji əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və iki ölkənin biznes dairələri arasında, xüsusilə enerji sektorunda əməkdaşlıq mühüm nəticələr verib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun vəzifələrini müvəqqəti icra edən Dəyanət Sədullayev bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda deyib.

O bildirib ki, hazırda əsas vəzifələrdən biri tərəflərin potensialından istifadə etməklə əməkdaşlığı yeni sahələrə genişləndirmək, birgə investisiyaları təşviq etmək və uzunmüddətli iqtisadi dəyər yaratmaqdır.

D.Sədullayevin sözlərinə görə, Azərbaycan İnvestisiya Holdinqi 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin 1120 nömrəli Sərəncamı əsasında təsis edilib. Holdinqin əsas məqsədi idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyini artırmaq, korporativ idarəetmə sistemini təkmilləşdirmək, onların uzunmüddətli və dayanıqlı inkişafını təmin etməkdir.

O qeyd edib ki, Holdinqin idarəetmə portfelinə SOCAR, ABB Açıq Səhmdar Cəmiyyəti, “AzərSığorta” ASC, “AzerGold” QSC, “Təmiz Şəhər” ASC, “Azəralüminium” MMC, “Azərpambıq” ASC və digər müəssisələr daxildir.

“Fəaliyyətimizin mühüm istiqamətlərindən biri də beynəlxalq tərəfdaşlıqların qurulması, xarici investisiyaların cəlb edilməsi və birgə investisiya layihələrinin həyata keçirilməsidir. Bizim üçün beynəlxalq əməkdaşlıq yalnız maliyyə resurslarının cəlb edilməsi ilə məhdudlaşmır. Əsas hədəflərimiz qabaqcıl texnologiyaların və beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli istehsal imkanlarının genişləndirilməsi, eləcə də rəqabətqabiliyyətli məhsulların istehsalı üçün şərait yaradılmasıdır”, - deyə o bildirib.

D.Sədullayev son dövrdə Azərbaycan İnvestisiya Holdinqinin İtaliyanın aparıcı maliyyə və sənaye qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində konkret addımlar atdığını vurğulayıb.

Onun sözlərinə görə, İtaliyanın dövlətə məxsus ən böyük investisiya qurumlarından biri olan “Cassa Depositi e Prestiti” ilə aparılan müzakirələrdə Azərbaycanın sənaye sektorunda birgə layihələrin müəyyənləşdirilməsi və maliyyələşdirilməsi imkanları nəzərdən keçirilib.

Bundan əlavə, İtaliyanın aparıcı sənaye şirkətlərindən olan “Valvitalia” ilə enerji və sənaye avadanlıqlarının istehsalının Azərbaycanda lokallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

D.Sədullayev qeyd edib ki, soyuq və isti yayma avadanlıqlarının istehsalı ilə məşğul olan İtaliyanın “MINO S.p.A.” şirkəti ilə də əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələr mövcud alüminium və soyuq yayma avadanlıqlarının təmiri, həmçinin yeni soyuq yayma xəttinin quraşdırılması imkanlarını əhatə edib.

“Bu istiqamətdə əsas prioritetlərimiz İtaliyanın texnologiyalarından və istehsal təcrübəsindən istifadə etməklə Azərbaycanda daha yüksək əlavə dəyərə malik məhsulların istehsalını inkişaf etdirməkdir. Bu cür təşəbbüslər ölkəmizin sənaye potensialının genişləndirilməsinə, yerli istehsalın inkişafına və iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edir.

Hesab edirik ki, bu əməkdaşlıq gələcəkdə konkret investisiya layihələrinin və birgə istehsal müəssisələrinin yaradılmasına, qarşılıqlı faydalı və uzunmüddətli tərəfdaşlığa çevrilə bilər.

Azərbaycan İnvestisiya Holdinqi olaraq İtaliya şirkətləri və institusional investorları ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlıyıq. Xüsusilə sənaye istehsalı, enerji, logistika, texnologiya və digər perspektivli sahələrdə birgə investisiya imkanlarının araşdırılmasını vacib hesab edirik.

Əminik ki, Azərbaycanın iqtisadi potensialı ilə İtaliyanın sənaye və texnoloji imkanlarının birləşdirilməsi hər iki ölkə üçün yeni inkişaf perspektivləri açacaq. Məqsədimiz mövcud dialoqu konkret layihələrə çevirmək, qarşılıqlı investisiyaları artırmaq və ölkələrimiz arasındakı iqtisadi tərəfdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verməkdir”, - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti