ARDNF indiyədək İtaliyaya 2,8 milyard dollar investisiya yatırıb

İqtisadiyyat Xəbər 23 Noyabr 2026 11:09 (UTC +04:00)
ARDNF indiyədək İtaliyaya 2,8 milyard dollar investisiya yatırıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Bu günə qədər Dövlət Neft Fondu tərəfindən İtaliyaya 2,8 milyard ABŞ dolları həcmində investisiya yatırılıb ki, bu da fondun ümumi investisiya portfelinin təxminən 4 faizini təşkil edir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini Rövşən Cavadov bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda deyib.

O xatırladıb ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) fəaliyyət göstərdiyi 27 il ərzində 70 milyard dollardan çox vəsaiti idarə edib. Qeyd edib ki, Fondun investisiya portfeli dünyanın 70-dən çox ölkəsini əhatə edir və kifayət qədər şaxələndirilib.

R. Cavadov bildirib ki, ARDNF beynəlxalq səviyyədə digər suveren sərvət fondları ilə də sıx əməkdaşlıq edir və Suveren Sərvət Fondlarının Beynəlxalq Forumunun (IFSWF) əsas təsisçilərindən biridir.

“Bu forum ümumilikdə 10 trilyon dollardan çox vəsaiti idarə edən 40-dan artıq suveren sərvət fondunu birləşdirir. Əvvəlki paneldə də qeyd edildiyi kimi, Dövlət Neft Fondu 2028-ci ildə forumun növbəti iclasına Bakıda ev sahibliyi edəcək. Eyni zamanda, ARDNF-in icraçı direktoru növbəti iki il ərzində forumun Müşahidə Şurasına rəhbərlik edəcək.

Bu çərçivədə İtaliyanın suveren investisiya qurumu olan “CDP Equity” ilə də tərəfdaşlıq etməyə hazırıq”, - deyə o qeyd edib.

R.Cavadovun sözlərinə görə, İtaliya ARDNF-in qlobal investisiya fəaliyyətində xüsusi yer tutur. Belə ki, ölkə Fondun investisiya portfelində həcminə görə ilk dörd istiqamət arasında yer alır.

“Bu günə qədər Dövlət Neft Fondu tərəfindən İtaliyaya 2,8 milyard ABŞ dolları həcmində investisiya yatırılıb ki, bu da ümumi investisiya portfelimizin təxminən 4 faizini təşkil edir.

Bunlar təsadüfi investisiya qərarları deyil. Bu yatırımlar İtaliya şirkətlərinə, ölkənin fiskal etibarlılığına və hər şeydən əvvəl onun sənaye və insan kapitalına olan etimadımızı əks etdirən uzunmüddətli qərarların nəticəsidir”, - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti