Bakı.Trend:
İtaliya və Azərbaycan kritik xammal sahəsində anlaşma memorandumu imzalayacaq.
Bu barədə İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Bakıda keçiriləcək İtaliya-Azərbaycan biznes forumu ərəfəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
“Azərbaycan İtaliyanın yaxın dostu və strateji tərəfdaşıdır. Məqsədimiz enerji sahəsindən xeyli kənara çıxan əməkdaşlığı genişləndirməklə iki ölkə arasında iqtisadi əlaqələrin bütün potensialını reallaşdırmaqdır. Ötən ilin mayında Baş nazir Corcia Meloninin Bakıya səfərinin nəticələrinə əsaslanan biznes forumu kritik xammal, infrastruktur, nəqliyyat əlaqələri və logistika, qabaqcıl istehsal və əczaçılıq sahələrində yeni əməkdaşlıq imkanlarına da həsr olunacaq. Mən üçüncü ölkələrdə birgə təşəbbüslərin həyata keçirilməsinə dəstək məqsədi daşıyan kritik xammal sahəsi ilə bağlı anlaşma memorandumu imzalayacağam. “Abşeron” qaz yatağının işlənməsi, SOCAR-ın Sumqayıtda neft emalı zavodunun tikintisi ilə bağlı planları və Bakının nəqliyyat infrastrukturunun modernləşdirilməsi də daxil olmaqla, iri layihələr İtaliya şirkətləri üçün konkret imkanlar yaradır”, – deyə o bildirib.
Azərbaycandan qaz idxalının daha da artırılması potensialı barədə
Antonio Tayani qeyd edib ki, Azərbaycan İtaliyanın etibarlı və əvəzolunmaz enerji tərəfdaşıdır. Belə ki, 2026-cı ilin birinci yarısında Azərbaycan ölkənin qaz idxalının 16 faizi, neft idxalının isə 13 faizini təmin edib
“Trans-Adriatik Qaz Boru Kəməri (TAP) xüsusilə 2022-ci ildən etibarən enerji təhlükəsizliyimizin gücləndirilməsində mühüm rol oynayıb. İtaliya və Avropaya qaz tədarükünü artırmaq üçün boru kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsini tam dəstəkləyirik. SOCAR-ın İtaliyanın "Italiana Petroli" şirkətinə yiyələnməsi tərəfdaşlığımızda daha bir mühüm mərhələ oldu. SOCAR-ın Yaxın Şərqdə hazırkı böhran dövründə İtaliyada yanacaq qiymətlərini məhdudlaşdırmaqla bağlı könüllü qərarını da yüksək qiymətləndiririk. Bu, İtaliya ailələrinə və müəssisələrinə ünvanlanmış dostluğun bariz nümunəsidir”, – deyə Baş nazirin müavini əlavə edib.
Bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi
O qeyd edib ki, enerji keçidi İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıqda yeni mərhələnin əsasını qoyur.
“İtaliya şirkətləri artıq emissiyaların azaldılması, bioyanacaq və peşəkar səriştələrin inkişafı kimi istiqamətlərdə SOCAR ilə əməkdaşlıq edirlər. Bu əməkdaşlığın bərpaolunan enerji istehsalı, ötürücü infrastrukturun inkişafı və innovativ texnologiyaların tətbiqi sahələrinə genişləndirilməsi üçün əhəmiyyətli potensial görürük. İtaliya “Yaşıl Enerji Dəhlizi” və Transxəzər Elektrik Enerjisi Dəhlizi layihələrinin texniki-iqtisadi əsaslandırma işlərinin aparılmasını dəstəkləyir. Bu layihələr Mərkəzi Asiyadan bərpaolunan enerjinin Azərbaycan vasitəsilə Avropa bazarlarına çatdırılmasına imkan yarada bilər. Həmin layihələr həmçinin Qara dəniz və Adriatik regionlarının, eləcə də İtaliyanın xarici siyasətinin əsas prioritetlərindən biri olan Qərbi Balkanların strateji əhəmiyyətini gücləndirir”, – deyə Tayani izah edib.
İtaliyanın Orta Dəhlizin inkişafına dair mövqeyi
Baş nazirin müavini bildirib ki, Orta Dəhliz İtaliya üçün strateji əhəmiyyət daşıyır. Çünki bu marşrut ölkənin Azərbaycan və Mərkəzi Asiya ilə nəqliyyat və iqtisadi əlaqələrini gücləndirir.
“İtaliya ilə Mərkəzi Asiya arasında sammitin və biznes forumunun keçirilməsi də daxil olmaqla, regionla artan qarşılıqlı əlaqələrimiz bu istiqamətin prioritet olduğunu göstərir. IMEC (“Hindistan – Yaxın Şərq – Avropa” İqtisadi Dəhlizi) kimi təşəbbüslərə əsaslanaraq və eyni zamanda Orta Dəhlizin inkişafını fəal şəkildə dəstəkləyərək İtaliyanı Avropa və Aralıq dənizi regionunun aparıcı nəqliyyat-kommunikasiya qovşaqlarından birinə çevirməyə çalışırıq. Konsepsiyamız nəqliyyat, logistika, energetika və rəqəmsal infrastrukturu əhatə edir, bu zaman təhlükəsizlik və dayanıqlılığa xüsusi diqqət yetirilir. İtaliya şirkətləri bütün bu sektorlarda qabaqcıl təcrübəyə malikdir və dəhlizin inkişafına töhfə vermək üçün geniş imkanlara sahibdirlər”, – deyə o əlavə edib.
İtaliya biznesinin Azərbaycanda mövcudluğunu genişləndirmək potensialı barədə
“İqtisadi tərəfdaşlığımız inkişaf edir: 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi 8 milyard avroya yaxınlaşıb, 2026-cı ildə isə İtaliyanın ixracı 14 faizdən çox artıb. Biz təkcə ticarəti stimullaşdırmaqla kifayətlənməyərək, birgə müəssisələrin yaradılmasını, sənaye sahəsində tərəfdaşlığı və qarşılıqlı investisiyaları təşviq etməklə bu müsbət dinamikanı inkişaf etdirmək niyyətindəyik. İtaliya şirkətləri qabaqcıl texnologiyalar və sənaye sahəsində geniş təcrübə təklif edir, həmçinin yerli tərəfdaşlarla sıx əməkdaşlıq sahəsində zəngin təcrübəyə malikdirlər.
Energetika və infrastrukturla yanaşı, qabaqcıl istehsal, kritik xammal, əczaçılıq, aqrobiznes və rəqəmsal texnologiyalar kimi sahələrdə də perspektivli imkanlar görürük. Ələt Azad İqtisadi Zonası bu baxımdan mühüm rol oynaya bilər. Zona regional bazarlarda fəaliyyətini genişləndirmək istəyən İtaliya şirkətləri üçün platformaya çevrilə bilər”, – deyə Tayani fikirlərini yekunlaşdırıb.
