Bakı və Hanoy münasibətləri yeni strateji mərhələyə qədəm qoyur - Azər Qarayev

Siyasət Xəbər 23 Noyabr 2026 11:35 (UTC +04:00)
Bakı və Hanoy münasibətləri yeni strateji mərhələyə qədəm qoyur - Azər Qarayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri Bakı ilə Hanoy arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Noyabrın 19-21-də baş tutan səfər iki ölkə arasında mövcud dostluq münasibətlərinin siyasi bəyanatlar səviyyəsindən konkret iqtisadi layihələrə, enerji əməkdaşlığına, nəqliyyat-logistika əlaqələrinə və təhlükəsizlik sahəsində tərəfdaşlığa keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"Səfərin əsas siyasi nəticələrindən biri Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lamın Birgə Bəyanat qəbul etməsi, eləcə də müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması oldu. Bu sənədlər iki ölkənin strateji tərəfdaşlığın məzmununu genişləndirmək və qarşılıqlı maraqları praktiki nəticələrə çevirmək niyyətini nümayiş etdirir.

Əslində, Azərbaycan-Vyetnam münasibətlərinin bugünkü səviyyəyə çatması uzunmüddətli tarixi təməllərə söykənir. 1959-cu ildə Ho Şi Minin Azərbaycana səfəri xalqlarımız arasında dostluq əlaqələrinin formalaşmasında mühüm rol oynayıb. Həmin dövrdə Azərbaycan mütəxəssislərinin Vyetnamın neft sənayesinin inkişafına verdiyi töhfələr də bu münasibətlərin tarixində xüsusi yer tutur. Vyetnamlı mütəxəssislərin Azərbaycanda neft sahəsində təhsil alması və sonradan öz ölkələrinin inkişafında iştirak etməsi əməkdaşlığın yalnız siyasi deyil, həm də peşəkar və insani əsaslara malik olduğunu göstərir", - o bildirib.

A.Qarayev qeyd edib ki, 2025-ci ilin mayında To Lamın Azərbaycana dövlət səfəri və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi isə bu tarixi əlaqələrə yeni siyasi məzmun qazandırdı. Prezident İlham Əliyevin bir ildən sonra Hanoya səfəri həmin razılaşmaların davamı və qarşılıqlı öhdəliklərin həyata keçirilməsi baxımından mühüm addımdır.

"Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın inkişafını yüksək qiymətləndirərək ölkənin beynəlxalq mövqeyinin gücləndiyini vurğulayıb. Dövlətimizin başçısı qeyd edib: "Vyetnam indi çox önəmli beynəlxalq aktordur və təkcə regionunuzda deyil, qlobal miqyasda önəmli rol oynayır". Bu fikir münasibətlərin siyasi əsasını anlamaq üçün vacibdir. Azərbaycan Cənubi Qafqazda, Vyetnam isə Cənub-Şərqi Asiyada mühüm geosiyasi və iqtisadi mövqeyə malikdir. Hər iki ölkə öz regionunda iqtisadi əlaqələrini genişləndirməyə, beynəlxalq nəqliyyat və enerji marşrutlarında iştirakını artırmağa çalışır. Bu baxımdan onların əməkdaşlığı bir-birinin regional imkanlarından yararlanmaq üçün əlavə perspektivlər yaradır", - o bildirib.

Onun sözlərinə görə, səfərin ən mühüm istiqamətlərindən biri iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiyaların artırılmasıdır. Prezident İlham Əliyevin Vyetnamın Milli Xəbər Agentliyinə müsahibəsində açıqladığı məlumata görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb. Bununla belə, mövcud göstəricilər tərəfdaşlığın real potensialını tam əks etdirmir.

"Xüsusilə enerji sahəsi əməkdaşlığın prioritet istiqamətlərindən biridir. Azərbaycan neft-qaz sənayesində böyük təcrübəyə, Vyetnam isə Cənub-Şərqi Asiyada geniş iqtisadi və sənaye imkanlarına malikdir. SOCAR ilə Vyetnamın Milli Neft və Qaz Şirkəti PetroVietnam arasında əlaqələrin dərinləşdirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Tərəflər neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsini nəzərdən keçirirlər.

Bununla yanaşı, Azərbaycanın neft məhsullarının Vyetnama, eləcə də Vyetnam vasitəsilə digər regional bazarlara ixracı imkanlarının müzakirə olunması yeni iqtisadi perspektivlər açır. Belə bir əməkdaşlıq Azərbaycanın enerji ixracı coğrafiyasının genişlənməsinə, Vyetnamın isə etibarlı təchizatçılarla əlaqələrinin möhkəmlənməsinə xidmət edə bilər", - o bildirib.

Politoloq vurğulayıb ki, səfər çərçivəsində yaşıl enerji sahəsində əldə olunan razılaşma da diqqətəlayiqdir.

"Azərbaycan Energetika Nazirliyi ilə Vyetnamın ROX Group şirkəti arasında günəş və külək elektrik stansiyası layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair icra müqaviləsinin mübadiləsi investisiya əməkdaşlığının konkret nümunəsidir. Bu, Vyetnam biznesinin Azərbaycanın enerji sektorunda daha fəal iştirakına yol aça bilər. Prezident İlham Əliyevin enerji təhlükəsizliyinə dair səsləndirdiyi fikir də bu əməkdaşlığın strateji mahiyyətini açır: "Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir".

Bu yanaşma Azərbaycanla Vyetnamın maraqlarının mühüm bir nöqtədə kəsişdiyini göstərir. Qlobal enerji bazarlarında dəyişikliklərin, təchizat zəncirlərində yaranan risklərin fonunda etibarlı tərəfdaşlarla uzunmüddətli əlaqələr qurmaq hər iki ölkə üçün vacibdir. Azərbaycanın enerji istehsalı və ixracı sahəsindəki təcrübəsi Vyetnam üçün əlavə imkanlar yaradır, Vyetnamın iqtisadi potensialı isə Azərbaycan şirkətlərinin Asiya bazarlarına çıxışını genişləndirə bilər", - A.Qarayev bildirib.

Onun sözlərinə görə, səfərin digər mühüm istiqaməti nəqliyyat-logistika əməkdaşlığıdır. Azərbaycanın coğrafi mövqeyi və formalaşdırdığı müasir nəqliyyat infrastrukturu Vyetnam şirkətləri üçün Avropa bazarlarına çıxış baxımından əhəmiyyətli üstünlükdür.

"Orta Dəhliz Çin və Mərkəzi Asiya ilə yanaşı, Cənub-Şərqi Asiya ölkələrinin də Avropa ilə ticarət əlaqələrinin inkişafı üçün əlverişli marşrutdur. Azərbaycanın liman, dəmir yolu və logistika imkanlarından istifadə Vyetnam məhsullarının Avropa istiqamətində daşınmasına əlavə alternativ yarada bilər. Prezident İlham Əliyevin açıqladığı məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən tranzit daşımaların həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb.

Bu göstərici əməkdaşlığın artıq praktiki nəticələr verməyə başladığını göstərir. Eyni zamanda, Şimal-Cənub marşrutu da Vyetnam şirkətlərinə yeni bazarlara çıxış üçün əlavə imkanlar təqdim edə bilər. Birbaşa aviareyslərin açılması məsələsinin müzakirəsi isə turizm, biznes əlaqələri və insanlar arasında təmasların genişlənməsi baxımından əhəmiyyətlidir", - o bildirib.

Politoloq qeyd edib ki, ikitərəfli münasibətlərin iqtisadi əsaslarla yanaşı, möhkəm siyasi etimada söykənməsi də xüsusi vurğulanmalıdır. Vyetnam 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək göstərib. Prezident İlham Əliyev bu mövqeyə görə Vyetnam tərəfinə minnətdarlığını ifadə edərək, göstərilən dəstəyin heç vaxt unudulmayacağını bildirib.

Bundan başqa, BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində əməkdaşlıq, Azərbaycanın Vyetnamın Cənubi Qafqaz və Xəzər regionu ölkələri ilə əlaqələrinin inkişafına dəstək verməyə hazır olması tərəfdaşlığın coğrafi miqyasını genişləndirir. Vyetnamın ASEAN çərçivəsindəki mövqeyi də Azərbaycan üçün Cənub-Şərqi Asiya ilə əlaqələrin inkişafında əlavə diplomatik imkanlar yaradır.

Səfər zamanı müdafiə sənayesi, təhlükəsizlik, minatəmizləmə, fövqəladə hallara hazırlıq və humanitar sahələrdə əməkdaşlıq məsələlərinin müzakirəsi də münasibətlərin çoxşaxəli xarakter aldığını göstərir. Xüsusilə iki ölkənin mina problemindən əziyyət çəkməsi bu sahədə təcrübə mübadiləsini və birgə fəaliyyəti aktual edir", - o bildirib.

A.Qarayev vurğulayıb ki, Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycan xarici siyasətinin Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addımdır.

"Bakı ilə Hanoy arasında tarixi dostluq, siyasi etimad və qarşılıqlı dəstək artıq iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik layihələri ilə tamamlanır. Ən vacib məqam isə tərəflərin bu münasibətləri konkret nəticələrlə zənginləşdirmək niyyətidir. Azərbaycan Vyetnam üçün Cənubi Qafqaz və Avropa istiqamətində etibarlı tərəfdaş, Vyetnam isə Azərbaycan üçün Cənub-Şərqi Asiyanın perspektivli iqtisadi və siyasi tərəfdaşı ola bilər. Bu baxımdan səfər iki ölkənin yalnız mövcud əlaqələrini möhkəmləndirmir, həm də uzunmüddətli əməkdaşlıq üçün yeni imkanların əsasını qoyur", - politoloq əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti