Bakı. Trend:
Azərbaycan və İtaliya arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında yeni ikitərəfli sazişin yaxın gələcəkdə imzalanması hədəflənir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.
Nazir bildirib ki, Azərbaycan İtaliya şirkətləri ilə tərəfdaşlığın yerli müəssisələrin rəqabət qabiliyyətinin artırılması baxımından mühüm imkanlar yaratdığına inanır. Onun sözlərinə görə, ölkədə xarici investorlar üçün əlverişli biznes mühiti formalaşdırılıb.
“Bununla yanaşı, sənaye parklarında və Ələt Azad İqtisadi Zonasında investorlar üçün əlverişli infrastruktur, vergi və gömrük güzəştləri, eləcə də digər təşviq mexanizmləri yaradılıb”, - deyə M.Cabbarov qeyd edib.
O bildirib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarlar 2033-cü ilədək mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azaddırlar. Həmçinin istehsal üçün zəruri avadanlıq və xammalın idxalına əlavə dəyər vergisi və gömrük güzəştləri tətbiq olunur.
Nazirin sözlərinə görə, analoji güzəştlər Azərbaycanın əsas ərazisi ilə birbaşa quru sərhədi olmayan Naxçıvanda da qüvvədədir. Bu imkanlardan yararlanan xarici investorlar Azərbaycanda uğurla fəaliyyət göstərir və əldə etdikləri gəlirləri yenidən ölkə iqtisadiyyatına yatırırlar.
M.Cabbarov vurğulayıb ki, İtaliya ənənəvi olaraq Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 12 milyard ABŞ dollarına yaxın olub.
“Bu ilin nəticələrinə görə daha yüksək göstərici proqnozlaşdırırıq. İlin ilk doqquz ayında ticarət dövriyyəsi artıq 9 milyard ABŞ dollarını ötüb”, - deyə o bildirib.
Nazir hazırda İtaliyanın 130-a yaxın şirkətinin Azərbaycanda sənaye, tikinti, enerji, kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
O qeyd edib ki, Azərbaycan da İtaliya iqtisadiyyatına uzunmüddətli sərmayələr yatırır. Belə ki, Azərbaycan Dövlət Neft Fondu son bir neçə ildə İtaliya iqtisadiyyatına təxminən 3 milyard ABŞ dolları investisiya qoyub.
M.Cabbarovun sözlərinə görə, bu ilin mayında SOCAR-ın İtaliyanın “Petroli” şirkətində nəzarət payı əldə etməsi Azərbaycanın bu ölkə iqtisadiyyatında uzunmüddətli investor kimi mövqeyini daha da gücləndirib.
“Beləliklə, Azərbaycan İtaliyanın enerji bazarında həm təchizatçı, həm də uzunmüddətli investor kimi iştirak edir”, - deyə nazir bildirib.
O, həmçinin investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında yeni ikitərəfli saziş layihəsinin yaxın gələcəkdə imzalanmasının hədəfləndiyini vurğulayıb. M.Cabbarov bu istiqamətdə işlərin İtaliya tərəfi ilə birgə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
