DİM-də rəhbər dəyişikliyi builki qəbul prosesinə təsir edəcək?

Cəmiyyət Xəbər 23 Noyabr 2026 09:34 (UTC +04:00)
DİM-də rəhbər dəyişikliyi builki qəbul prosesinə təsir edəcək?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında köklü dəyişikliklərin edilməsi gözlənilmir.

Bu barədə Trend-ə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

O qeyd edib ki, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul və digər istiqamətlərdə imtahanları həyata keçirən mühüm dövlət qurumu olduğundan onun fəaliyyətində ciddi dəyişikliklərə qısa müddətdə getmək doğru olmaz.

“Düşünmürəm ki, hazırkı 11-ci sinif şagirdlərinin universitetlərə qəbul imtahanlarında köklü dəyişiklik olsun. Bu, böyük ehtimalla baş verməyəcək və baş verməməlidir də. Əgər hər hansı dəyişiklik olarsa, bu, asanlaşdırma istiqamətində ola bilər. İmtahanların çətinləşdirilməsi və qəlizləşdirilməsi isə qətiyyən gözlənilmir”, – deyə o bildirib.

Ekspertin sözlərinə görə, yeni rəhbərliyin də imtahanların çətinləşdirilməsi istiqamətində addım atacağı inandırıcı görünmür. Çünki belə bir qərar yeni rəhbərin ictimai imicinə mənfi təsir göstərə bilər.

“Builki qəbul prosesi böyük ehtimalla ötənilki sistem əsasında davam etdiriləcək. Artıq mart ayında buraxılış imtahanları başlayacaq. İmtahanlara cəmi üç-dörd ay qaldığı bir vaxtda hər hansı ciddi dəyişikliyin edilməsi düzgün olmaz. Bu, abituriyentlər üçün əlavə çətinliklər yarada və mənfi nəticələrə səbəb ola bilər”, -deyə o əlavə edib.

R.Nurəliyev vurğulayıb ki, əgər qəbul imtahanlarında hər hansı yenilik nəzərdə tutulursa, bunun növbəti qəbul illərində tətbiqi daha məqsədəuyğun olar. Onun sözlərinə görə, abituriyentlər builki qəbul imtahanlarında ciddi dəyişiklik gözləməməli və hazırlıqlarını əvvəlki illərin imtahan modelinə uyğun davam etdirməlidirlər.

“Abituriyentlərin hər hansı dəyişikliklə bağlı stresə düşməsinə və narahat olmasına ehtiyac yoxdur. Onlar əvvəlki qəbul sisteminə uyğun şəkildə hazırlaşmalı, yüksək bal toplamaq üçün səylərini davam etdirməlidirlər. Hətta müəyyən dəyişiklik olsa belə, bunun ciddi və köklü xarakter daşıyacağını düşünmürəm. Qəbul imtahanlarına bu qədər az vaxt qalmış sistemin dəyişdirilməsi düzgün addım olmaz”, – deyə ekspert vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti