Bakı. Trend:
Azərbaycan-İtaliya biznes-forumu şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformadır. Bu xüsusda İtaliya şirkətləri Azərbaycan biznesinə bilik və təcrübə dəstəyi göstərməyə hazırdır.
Bunu “Confindustria” İtaliya Sənaye Konfederasiyasının nümayəndəsi Fausto Mazzali bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, İtaliya və Azərbaycan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin gücləndirilməsi üçün böyük potensial mövcuddur: "İtaliya şirkətləri Azərbaycan müəssisələrinə öz bilik və təcrübələri ilə dəstək göstərmək imkanlarına malikdirlər. Biz burada Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğuna əmin olduğumuz üçün iştirak edirik. Hazırda Azərbaycanda iri İtaliya şirkətləri fəaliyyət göstərir. Bununla yanaşı, biz yerli şirkətlərə öz bilik və təcrübəmizlə dəstək verə bilərik. Hesab edirəm ki, Azərbaycan şirkətlərinə kömək etmək üçün lazımi imkanlara və alətlərə sahibik”, – deyə o qeyd edib.
F.Mazzali forumun iki ölkənin biznes dairələri arasında əlaqələrin qurulması baxımından əhəmiyyətini vurğulayıb.
“Confindustria İtaliyanın əsas şirkətlərini birləşdirən assosiasiyadır. Bu baxımdan, biznes-forum əlaqələrin qurulması üçün əsas platformadır. Plenar iclasdan əlavə, tədbir çərçivəsində B2B görüşlər keçirilir, daha sonra digər tərəfdaşlarla müzakirələr aparılır. Hesab edirəm ki, bu format səmərəli işləyir və şirkətlər arasında əməkdaşlığın inkişafına töhfə verir”, – deyə o bildirib.
