Bakı. Trend:
Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi, nəqliyyat dəhlizlərinin və bağlantılılığın iqtisadi əhəmiyyəti, eləcə də Bakının şəhərsalma inkişafı və 2040-cı il Baş Planı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.
O bildirib ki, Azərbaycan və İtaliya arasında münasibətlər qarşılıqlı etimad, ortaq maraqlar və sıx iqtisadi əməkdaşlıq əsasında formalaşan güclü strateji tərəfdaşlığa söykənir. Ənənəvi olaraq enerji əməkdaşlığı münasibətlərin əsasını təşkil etsə də, hazırda infrastruktur, logistika, tikinti, şəhərsalmanın yenilənməsi və dayanıqlı inkişaf kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.
"Bağlantılılıqdan danışarkən ilk növbədə yolları, dəmir yollarını, limanları və nəqliyyat dəhlizlərini düşünürük. Lakin bağlantılılıq bundan daha geniş məna daşıyır. O, iqtisadi imkanların əlaqələndirilməsi, investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması və insanların həyat şəraitinin yaxşılaşdırılması deməkdir. Məhz bu baxımdan infrastrukturun inkişafı və şəhərsalma bir-biri ilə sıx əlaqəlidir", - deyə o qeyd edib.
R.Qasımov vurğulayıb ki, Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşməsi ölkənin strateji üstünlüklərindən biridir.
Onun sözlərinə görə, Xəzər regionu və Cənubi Qafqaz vasitəsilə Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin artan əhəmiyyəti iqtisadi əməkdaşlıq və regional inteqrasiya üçün əlavə imkanlar yaradır.
"Ancaq vacib bir məqamı vurğulamaq istərdim. Nəqliyyat dəhlizləri bağlantılılıq yaradır, lakin rifahı həmin dəhlizlərin ətrafında formalaşan iqtisadi fəaliyyət təmin edir. Dəmir yolu və ya avtomobil yolu biznesi dəstəklədikdə, sənaye sahələrini cəlb etdikdə, investisiyaları stimullaşdırdıqda və məşğulluq yaratdıqda həqiqətən dəyərli olur. Müasir şəhərsalmanın artan rolu da məhz burada ortaya çıxır", – deyə o bildirib.
R.Qasımov Bakının şəhərsalma inkişafından danışaraq qeyd edib ki, paytaxt Azərbaycanın iqtisadi mərkəzi olmaqla yanaşı, hazırda mühüm transformasiya mərhələsindən keçir: "2023-cü ildə təsdiq edilmiş Bakı şəhərinin 2040-cı il Baş Planı 212 min hektardan çox ərazini əhatə edən metropoliten ərazisinin uzunmüddətli inkişaf çərçivəsini müəyyənləşdirir.
Baş Planın əsas prinsiplərindən biri şəhərin əsasən bir mərkəz ətrafında formalaşan monomərkəzli strukturdan daha balanslı, bir neçə inkişaf mərkəzini əhatə edən polimərkəzli şəhər modelinə keçididir".
O qeyd edib ki, uzun illər ərzində Bakıda iqtisadi fəaliyyət, məşğulluq və xidmətlər əsasən şəhər mərkəzində cəmləşib. Bu isə nəqliyyat infrastrukturuna artan təzyiq, gediş-gəliş məsafələrinin uzanması və tıxacların yaranması ilə nəticələnib.
R.Qasımovun sözlərinə görə, məqsəd yaşayış məhəllələrini, biznes fəaliyyətini, ictimai xidmətləri, kommersiya obyektlərini və istirahət məkanlarını bir araya gətirən yeni şəhər mərkəzlərinin formalaşdırılmasıdır.
