Bakı.Trend:
"Unioncamere" Azərbaycanla əlaqələri uzunmüddətli sənaye tərəfdaşlığına çevirməyə hazırdır.
Trend-in müxbirinin məlumatına görə, bunu "Unioncamere" təşkilatının beynəlmiləlləşmə istiqaməti üzrə rəhbəri Pyetro İnfante Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda bildirib.
O qeyd edib ki, Unioncamere və İtaliyanın ticarət-sənaye palataları sistemi şirkətlərə Azərbaycan bazarına daxil olmaq və ölkədə fəaliyyətlərini genişləndirmək üçün dəstək göstərir.
"Bu iş ixrac potensialının və imkanlarının təhlilini, ticarət dövriyyəsinin artırılması və iqtisadi tərəfdaşlıqların inkişafı üçün texniki yardımı, Azərbaycan şirkətləri ilə işgüzar görüşlərin təşkilini və müəssisələrin beynəlxalq fəaliyyətinə dəstəyi əhatə edir", - deyə o bildirib.
Onun sözlərinə görə, Unioncamere 60 İtaliya ticarət-sənaye palatasından ibarət şəbəkəni əlaqələndirir. Təşkilat, həmçinin Azərbaycanda, o cümlədən EU4Business proqramı çərçivəsində layihələr həyata keçirmiş Promos Italia beynəlmiləlləşmə agentliyi vasitəsilə fəaliyyət göstərir.
İnfante bildirib ki, bu şəbəkəyə Bakıda yerləşən İtaliya-Azərbaycan Ticarət Palatası (Itazercom) da daxildir.
"Bu gün yanaşmamızı dəyişməyi təklif etmək istərdim: ənənəvi ticarət tərəfdaşlığı və yalnız idxal-ixraca əsaslanan model çərçivəsindən kənara çıxaraq, ölkələrimizdə dəyər zəncirlərini gücləndirməyə imkan verəcək birgə müəssisələr, sənaye tərəfdaşlıqları və texnologiyaların ötürülməsi üzrə sazişlər inkişaf etdirməliyik. Enerji texnologiyaları, qabaqcıl istehsal, aqrar-sənaye kompleksi, xüsusilə ərzaq məhsullarının emalı, infrastruktur və logistika əməkdaşlığın perspektivli istiqamətləridir. Azərbaycan, həmçinin Qafqaz və Mərkəzi Asiya bazarları üçün strateji tərəfdaş kimi maraq doğurur", - deyə o bildirib.
O əlavə edib ki, bu gün İtaliya-Azərbaycan Ticarət Palatası (Itazercom) SIMEST ilə, eləcə də “Baku Steel Company” iki İtaliya müəssisəsi ilə saziş imzalayacaq.
"Biz bugünkü əlaqələri möhkəm və uzunmüddətli sənaye tərəfdaşlığına çevirməyə hazırıq", - deyə İnfante vurğulayıb.
