Bakı.Trend:
İtaliya və Azərbaycan süni intellekt (AI) və məlumat mərkəzləri sahəsində əməkdaşlıq imkanlarını araşdırır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu İtaliya baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
Onun sözlərinə görə, İtaliya şirkətləri dəmir yolu şəbəkəsi də daxil olmaqla infrastrukturun inkişafı, eləcə də sualtı kabellər sahəsində layihələrdə iştirak etmək üçün zəruri texnologiyalara və təcrübəyə malikdir.
Tayani qeyd edib ki, İtaliya Azərbaycana tikinti, aqro-ərzaq, maşınqayırma və dəmir yolu sektorlarında yüksək texnologiyalı məhsullar və həllər təklif etməyə hazırdır.
O, həmçinin Azərbaycanın Orta Dəhliz və Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı baxımından strateji əhəmiyyətini vurğulayıb.
“Azərbaycan Orta Dəhlizin, Avropa ilə Asiya arasındakı əlaqələrin strateji qovşağıdır və İtaliya şirkətləri öz mühəndislik imkanlarını və ən yüksək səviyyəli texnologiyalarını həqiqətən də təklif edə bilərlər”, - deyə o bildirib.
Bundan əlavə, o, İtaliyanın Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, şirkətlərin rəqabət qabiliyyətinin təmin edilməsi üçün strateji infrastrukturun qorunmasının vacibliyini vurğulayıb.
Enerji əməkdaşlığına toxunan Tayani benzin və dizel yanacağının qiymətləri üçün yuxarı həddin müəyyən edilməsi ilə bağlı qərarına görə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təşəkkür edib. Onun sözlərinə görə, bu qərar İtaliya istehlakçılarının yanacağa daha az vəsait ödəməsinə imkan yaradıb.
O, bu addımı yalnız iqtisadi əməkdaşlığın təzahürü deyil, həm də iki ölkə arasında dostluğun göstəricisi adlandırıb.
Tayani, həmçinin bildirib ki, İtaliyanın ixracı cari ilin ilk doqquz ayında 5,5 faiz artıb, ötən ilin yekunlarına görə isə artım 3,3 faiz təşkil edib.
Onun sözlərinə görə, İtaliya gələn ilin sonunadək ixrac həcmini 700 milyard avroya çatdırmağı hədəfləyir.
O əlavə edib ki, İtaliya tərəfi Azərbaycana yüksək keyfiyyətli məhsulların tədarükünü genişləndirməkdə və sənaye əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır.
