Bakı.Trend:
İtaliya və Azərbaycan hökumətləri investisiyalar və birgə müəssisələrin inkişafı üçün zəruri şərait yaratmalı, sahibkarları müvafiq qanunvericilik bazası və daimi dəstəklə təmin etməlidir.
Trend-in müxbirinin məlumatına görə, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
Onun sözlərinə görə, İtaliyaya və ya Azərbaycana hansı həcmdə və hansı müddətdə investisiya yatırmaq, eləcə də birgə müəssisələr yaratmaq barədə qərar sahibkarların özlərinə məxsusdur. Hökumətlərin vəzifəsi isə bu qərarların həyata keçirilməsi üçün lazımi şəraiti təmin etməkdir.
"İtaliyanın Azərbaycandakı səfirliyi italyan sahibkarlar üçün ölkədəki iqtisadi vəziyyət, mövcud biznes imkanları və sahibkarlıq fəaliyyəti üçün zəruri prosedurlar barədə məlumatları əhatə edən nəşr hazırlayıb. Biznesə dəstək İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin aydın iqtisadi yönümlü quruma çevrilməsi çərçivəsində formalaşdırılan "artım diplomatiyası" konsepsiyasının tərkib hissəsidir", - deyə o qeyd edib.
Tayaninin sözlərinə görə, nazirliyin strukturunda iri, orta və kiçik İtaliya şirkətlərinə, o cümlədən fərqli saat qurşaqlarında fəaliyyət göstərən müəssisələrə gecə-gündüz informasiya dəstəyi göstərən operativ mərkəz fəaliyyət göstərir.
O, həmçinin siyasi və iqtisadi əlaqələrin inkişafına parlament diplomatiyasının və ölkələr arasında dostluq qruplarının töhfəsini vurğulayıb.
Tayani İtaliya və Azərbaycan sahibkarlarını, o cümlədən Afrikada və dünyanın digər regionlarında birgə layihələri daha fəal şəkildə inkişaf etdirməyə çağırıb.
"Mən sizə inanıram. Əminəm ki, hər zaman daha böyük hədəflər haqqında düşünmək və irimiqyaslı təşəbbüslərə inanmaq lazımdır. Hər birinizdə olan sahibkarlıq ruhu həm şirkətlərinizi, həm də ölkələrimiz arasındakı münasibətləri yeni səviyyəyə yüksəltməyə imkan verməlidir", - deyə o bildirib.
