Bakı.Trend:
Almaniyanın müxtəlif bölgələrindəki məktəblərə bomba yerləşdirilməsi ilə bağlı təhdid mesajları daxil olub.
Bu barədə DPA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, təhdid mesajları Baden-Vürtemberq, Türinqiya, Aşağı Saksoniya və digər federal torpaqlardakı təhsil müəssisələrinə göndərilib. Türinqiya polisi təhdidlərin real olmadığını hesab edir və məktəblərə təxliyə tədbirləri həyata keçirməməyi tövsiyə edir.
Bundan əvvəl Baden-Vürtemberq federal torpağının Frayburq-im-Braysqau şəhərinin polis idarəsi regionun 450-dən çox məktəbinə oxşar məzmunlu mesajların daxil olduğunu bildirmişdi. Şəhər polisi də təhsil müəssisələrinə qarşı real təhlükə əlamətlərinin olmadığını qeyd etmişdi.
Noyabrın 23-də qonşu Danimarkanın polisi də ölkədəki məktəblərə elektron poçt vasitəsilə bomba yerləşdirilməsi ilə bağlı çoxsaylı təhdid məktublarının göndərildiyini açıqlayıb. Danimarka hüquq-mühafizə orqanları bu mesajların real təhlükəsizlik təhdidi yaratmadığını hesab edir.
