"IRD Engineering" Azərbaycanda 12-dən çox beynəlxalq maliyyə qurumlarının maliyyələşdirdiyi layihə həyata keçirib

İqtisadiyyat Xəbər 23 Noyabr 2026 13:58 (UTC +04:00)
"IRD Engineering" Azərbaycanda 12-dən çox beynəlxalq maliyyə qurumlarının maliyyələşdirdiyi layihə həyata keçirib
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

"IRD Engineering" şirkəti 2011-ci ildən Azərbaycanda fəaliyyət göstərir və bu müddət ərzində beynəlxalq maliyyə institutlarının (BMİ) maliyyələşdirdiyi 12-dən çox layihənin həyata keçirilməsində iştirak edib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu "IRD Engineering" şirkətinin Mərkəzi Asiya və Qafqaz üzrə regional direktoru Pierluigi Aloia bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.

O bildirib ki, şirkətin əsas fəaliyyət və maraq dairəsinə Qafqaz, Mərkəzi Asiya və Balkanlar daxildir. Şirkət bu regionlarda, xüsusilə infrastruktur layihələri istiqamətində fəaliyyət göstərir.

P.Aloia qeyd edib ki, "IRD Engineering" Azərbaycanda ilk layihəsinə 2011-ci ildə başlayıb. Həmin vaxtdan etibarən şirkət Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq maliyyə institutlarının dəstəyi ilə 12-dən çox layihənin icrasında iştirak edib.

Onun sözlərinə görə, şirkətin Azərbaycanda həyata keçirdiyi layihələrdən biri Orta Dəhlizin tərkib hissəsi olan M2 avtomobil yolunun Qostu-Gəncə hissəsinin yenidən qurulması layihəsidir. AYİB tərəfindən maliyyələşdirilən layihə uğurla başa çatdırılıb.

“Beynəlxalq maliyyə institutlarının müəyyən müddətdən sonra Azərbaycana yenidən qayıtmasını və ölkədə daha fəal fəaliyyət göstərməsini də məmnunluqla qarşılayırıq”, - deyə o vurğulayıb.

Şirkət rəhbəri, həmçinin Gəncə şəhərində su təchizatı və tullantı sularının idarə olunması layihələri üzrə yeni müqavilə imzaladıqlarını açıqlayıb. Müqavilə çərçivəsində "IRD Engineering" layihələndirmə və tikintiyə nəzarət işlərinə dəstək göstərəcək.

O qeyd edib ki, bu müqavilə şirkət üçün mühüm mərhələ olmaqla yanaşı, beynəlxalq maliyyə institutlarının Azərbaycandakı fəaliyyətinin genişlənməsi baxımından da müsbət göstəricidir.
P.Aloia Azərbaycanın coğrafi mövqeyi, siyasi iradəsi və institusional potensialının Orta Dəhlizin inkişafında mühüm rol oynadığını bildirib.

“Coğrafi mövqeyini və ölkədəki sabitliyi nəzərə alaraq, Azərbaycanın Orta Dəhlizin əsas mərkəzi kimi çıxış etməli olduğunu düşünürük”, - deyə o bildirib.

O əlavə edib ki, "IRD Engineering" beynəlxalq maliyyə institutları, milli qurumlar və tərəfdaşlarla əməkdaşlıq çərçivəsində Azərbaycanın infrastrukturunun inkişafına töhfə verməyi davam etdirmək niyyətindədir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti