AİB Azərbaycanda dəmir yolu əlaqələrinin rəqəmsallaşdırılması və logistika infrastrukturunun inkişafını dəstəkləyir

İqtisadiyyat Xəbər 23 Noyabr 2026 13:43 (UTC +04:00)
AİB Azərbaycanda dəmir yolu əlaqələrinin rəqəmsallaşdırılması və logistika infrastrukturunun inkişafını dəstəkləyir
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda dəmir yolu əlaqələrinin inkişafı, mövcud infrastrukturun rəqəmsallaşdırılması, logistika mərkəzlərinin və anbar təsərrüfatının yaradılması, eləcə də multimodal daşımaların genişləndirilməsi istiqamətində iş aparır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camalı bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda çıxışı zamanı deyib.

O bildirib ki, regional əməkdaşlıq və inteqrasiya AİB-in fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bank 1998-ci ildə iqtisadi dəhlizlər konsepsiyasını irəli sürüb. Bu yanaşmanın əsas məqsədi infrastruktur əlaqələrinin yaradılması ilə kifayətlənməmək, həmin əlaqələri əhalinin məşğulluğuna, gəlirlərinin artmasına və yeni iqtisadi imkanlara çevirməkdir.

"Biz başa düşdük ki, sadəcə infrastruktur əlaqələrinin qurulması kifayət deyil. Bu əlaqələr xidmət göstərdiyi insanlar üçün iş yerlərinə, gəlirlərə və yeni imkanlara çevrilməlidir", - deyə o qeyd edib.

Ölkə direktoru vurğulayıb ki, AİB regional əməkdaşlığı müxtəlif subregional proqramlar vasitəsilə dəstəkləyir. Bu çərçivədə Cənub-Şərqi Asiya ölkələri ilə ASEAN, Cənubi Asiya ölkələri ilə SASEC, Mərkəzi Asiya ölkələri ilə isə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində əməkdaşlıq həyata keçirilir.

Onun sözlərinə görə, bu proqramlar çərçivəsində ölkələrə təhlillərin aparılması və texniki yardım göstərilməsi, ticarət, iqlim dəyişiklikləri və su ehtiyatlarının bölüşdürülməsi kimi mürəkkəb məsələlər üzrə razılaşmaların əldə edilməsinə dəstək verilir.

Sunniya Durrani-Camalı AİB-in 60 ildən artıqdır regional əməkdaşlıq və inteqrasiya sahəsində fəaliyyət göstərdiyini bildirərək, bankın bu prosesdə etibarlı və qərəzsiz tərəfdaş kimi mövqeyini möhkəmləndirdiyini diqqətə çatdırıb.
O əlavə edib ki, regional əməkdaşlıq platformalarında aparılan işlər dövlət və özəl sektor investisiyaları ilə tamamlanır. Bu istiqamətdə bankın irəli sürdüyü mühüm təşəbbüslərdən biri Pan-Asiya Rəqəmsal Dəhlizi layihəsidir.

Bankın ölkə üzrə direktorunun sözlərinə görə, ümumi dəyəri 20 milyard dollar olan təşəbbüs rəqəmsal bağlantı imkanlarının genişləndirilməsini nəzərdə tutur. Layihənin 15 milyard dollarının AİB-in öz vəsaitləri, 5 milyard dollarının isə birgə maliyyələşdirən tərəfdaşların vəsaitləri hesabına təmin edilməsi planlaşdırılır.

"Ümid edirik ki, bu rəqəmsal bağlantı platforması internetdən ilk dəfə istifadə edəcək insanların sayını təxminən 450 milyon nəfər artıracaq. Bundan əlavə, daha 200 milyon insanın yüksəksürətli fiber-optik internetə çıxış imkanlarının genişləndirilməsinə şərait yaradacaq", - deyə o bildirib.

Sunniya Durrani-Camalı Azərbaycanın da iqtisadi dəhlizlərin inkişafı baxımından AİB üçün mühüm istiqamətlərdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, bank ölkədə dəmir yolu əlaqələrinin inkişafı və fiziki infrastrukturun rəqəmsallaşdırılması üzərində çalışır.

Bununla yanaşı, özəl sektorla əməkdaşlıq çərçivəsində logistika infrastrukturu və anbar təsərrüfatının inkişafına dəstək göstərilir, multimodal nəqliyyat imkanları araşdırılır.

O, həmçinin Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kimi beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın əhəmiyyətini qeyd edərək, əsas məqsədin nəqliyyat və logistika sisteminin səmərəli fəaliyyətini təmin etmək olduğunu bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti