Bakı. Trend:
Orta Dəhlizin inkişafı Azərbaycanın milli iqtisadi strategiyasının əsas istiqamətlərindən biridir və ölkənin məqsədi bu marşrutu sadəcə yükdaşımaların həyata keçirildiyi tranzit yolu deyil, yüksək əlavə dəyər yaradan inteqrasiya olunmuş iqtisadi dəhlizə çevirməkdir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Fariz Əliyev bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.
Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir və bu proses yalnız bir nazirlik və ya qurumun fəaliyyəti ilə məhdudlaşmır. Ölkənin bütün aidiyyəti dövlət institutları Azərbaycanın Avrasiyanın aparıcı logistika və sənaye mərkəzlərindən birinə çevrilməsi istiqamətində səfərbər olunub.
Fariz Əliyev bildirib ki, qlobal təchizat zəncirlərində baş verən ciddi dəyişikliklər fonunda Orta Dəhliz alternativ marşrut statusundan çıxaraq Asiya ilə Avropa arasında strateji əhəmiyyətli, daha sürətli, şaxələndirilmiş və dayanıqlı nəqliyyat bağlantısına çevrilib.
O qeyd edib ki, Dünya Bankının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı son qiymətləndirməsi də bu dəhlizin böyük potensialını təsdiqləyir. Belə ki, koordinasiyalı investisiyalar və ticarətin asanlaşdırılması tədbirləri nəticəsində 2040-cı ilədək marşrut üzrə ticarət həcmlərinin üç dəfədən çox artırılması, eyni zamanda, tranzit müddətlərinin əhəmiyyətli dərəcədə azaldılması mümkündür.
"Artıq əsas məsələ Orta Dəhlizin potensialının olub-olmaması deyil, onun keyfiyyətini necə yüksəltməkdir", - deyə o vurğulayıb.
Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanın Orta Dəhlizlə bağlı yanaşmasında tranzit daşımalarının həcmi artıq yeganə uğur göstəricisi hesab edilmir. Əsas məqsəd təchizat zəncirinin müxtəlif mərhələlərində həm Azərbaycan, həm də beynəlxalq tərəfdaşlar üçün əlavə iqtisadi dəyər yaratmaqdır.
"Bizim məqsədimiz yalnız yükləri daşımaq deyil. Məqsədimiz yükləri qəbul etmək, emal etmək, onlara sənaye və logistika baxımından əlavə dəyər qazandırmaq, daha sonra hazır məhsulları regional və beynəlxalq bazarlara ixrac etməkdir", - deyə Fariz Əliyev bildirib.
O əlavə edib ki, bu strategiyanın həyata keçirilməsi dəmir yollarına, avtomobil yollarına, liman infrastrukturuna və Xəzər dənizində fəaliyyət göstərən donanmaya davamlı strateji investisiyaların yatırılmasını nəzərdə tutur.
Fariz Əliyev Azərbaycanın 2027-2030-cu illər üçün ölkənin tranzit potensialının inkişafına dair hərtərəfli və konkret fəaliyyət planının olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, plan infrastrukturun inkişafı, ötürücülük qabiliyyətinin artırılması, donanmanın genişləndirilməsi, hüquqi bazanın təkmilləşdirilməsi, eləcə də beynəlxalq standartlara uyğunlaşma və dəhliz üzrə tərəfdaşlarla prosedurların uzlaşdırılması kimi istiqamətləri əhatə edir.
O bildirib ki, Orta Dəhlizin səmərəli fəaliyyəti üçün iştirakçı dövlətlər arasında inkişafın sinxronlaşdırılması və koordinasiya mexanizmlərinin gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır: "Bu istiqamətdə artıq korporativ səviyyədə dəhlizin iştirakçılarının iştirakı ilə birgə müəssisə yaradılıb. Bundan əlavə, Orta Dəhliz üzrə nazirliklərarası komitə təsis edilib. Komitənin əsas məqsədi marşrut boyunca qərarların daha operativ və səmərəli qəbulunu təmin etməkdir".
Nazirlik rəsmisi rəqəmsallaşmanı Azərbaycanın tranzit strategiyasının və ümumilikdə dövlət siyasətinin əsas dayaqlarından biri kimi xarakterizə edib. O, Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamentinin (UN DESA) elektron hökumətin inkişafı üzrə reytinqində Azərbaycanın mövqeyinin 74-cü yerdən 38-ci yerə yüksəldiyini xatırladıb.
Fariz Əliyev bu irəliləyişin ölkədə elektron hökumət xidmətlərinin, rəqəmsal həllərin, eləcə də nəqliyyat və logistika sahəsində rəqəmsallaşmanın inkişafı baxımından mühüm nəticə olduğunu vurğulayıb.
Onun sözlərinə görə, rəqəmsal texnologiyaların tətbiqi, infrastrukturun modernləşdirilməsi və iştirakçı ölkələr arasında koordinasiyanın gücləndirilməsi Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasına və Azərbaycanın Avrasiya nəqliyyat-logistika sistemində mövqeyinin möhkəmləndirilməsinə xidmət edəcək.
