“WeBuild” Bakı metrosunun inkişafı layihəsinin həyata keçirilməsində iştirak etməyə hazırlaşır

İqtisadiyyat Xəbər 23 Noyabr 2026 13:39 (UTC +04:00)
“WeBuild” Bakı metrosunun inkişafı layihəsinin həyata keçirilməsində iştirak etməyə hazırlaşır
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın “WeBuild” şirkəti Bakı metrosunun inkişafı layihəsinin həyata keçirilməsi istiqamətində hazırlıq işləri aparır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu “WeBuild” şirkətinin Şərqi Avropa, Balkanlar və MDB ölkələri üzrə biznesin inkişafı üzrə baş meneceri Andrea Tulli bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.

O bildirib ki, 120 ildən artıq təcrübəyə malik şirkət hazırda 50 ölkədə fəaliyyət göstərir, dünya üzrə təxminən 150 layihə həyata keçirir və 85-dən çox ofisi var. Şirkətin əməkdaşlarının ümumi sayı 95 min nəfərə yaxındır.

A.Tullinin sözlərinə görə, “WeBuild”bu il 13,6 milyard avro gəlir əldə edib, tikinti layihələri üzrə sifariş portfeli isə 58 milyard avro təşkil edib.

O qeyd edib ki, şirkətin əsas fəaliyyət istiqamətlərinə nəqliyyat infrastrukturu, hidroenergetika, su təsərrüfatı və mürəkkəb infrastruktur layihələrinin tikintisi daxildir. Şirkət dəmir yolları, metro xətləri, yüksəksürətli dəmir yolları, tunellər, körpülər, viyaduklar, su anbarları və su elektrik stansiyalarının inşası sahəsində geniş təcrübəyə malikdir.

“İndiyədək 14 500 kilometrdən çox metro və dəmir yolu xətti, 3 500 kilometrdən artıq tunel, 1 000 kilometrdən çox körpü və viyaduk inşa etmişik. Bundan əlavə, 320 bəndin tikintisini həyata keçirmişik və ümumi quraşdırılmış gücü 54 min meqavat olan layihələrdə iştirak etmişik”, - deyə o bildirib.

Şirkət nümayəndəsi vurğulayıb ki, “WeBuild” bu il ENR reytinqinə əsasən, su təsərrüfatı sektorunda dünyada birinci yerdə qərarlaşıb. Bu sahədə şirkətin təcrübəsinə su elektrik stansiyalarının, nasoslu su anbarlarının, duzsuzlaşdırma və su təmizləyici qurğuların tikintisi, həmçinin su ehtiyatlarının idarə olunması daxildir.

A.Tulli Mərkəzi Asiya və MDB ölkələrində şirkətin son 20 ildə həyata keçirdiyi layihələrdən də danışıb. O, Qazaxıstanda Almatı-Xorqos avtomobil yolunu, Qızılorda ətrafındakı İpək Yolu dəhlizi layihəsini, Rusiyada Sankt-Peterburq şəhərinin Qərb Yüksəksürətli Diametr magistralını, Pulkovo hava limanı layihəsini və Sankt-Peterburq metrosunun bir hissəsinin tikintisini nümunə göstərib.

O əlavə edib ki, şirkət hazırda Tacikistanda dünyanın ən hündür bəndinin inşasını nəzərdə tutan “Roqun” Su Elektrik Stansiyası layihəsində iştirak edir. Layihə çərçivəsində bəndin hündürlüyü artıq 1 155 metrə çatıb. Son mərhələdə onun dəniz səviyyəsindən 1 300 metr hündürlüyə çatdırılması nəzərdə tutulur.

Azərbaycanla əməkdaşlıq perspektivlərinə toxunan A.Tulli bildirib ki, şirkət Bakı metrosunun inkişafı layihəsinin həyata keçirilməsində iştirak etmək üçün hazırlıq işləri aparır.

Onun sözlərinə görə, Orta Dəhliz Mərkəzi Asiyanı Avropa ilə birləşdirmək, ticarət dövriyyəsini, investisiyaları və sənaye sahəsində əməkdaşlığı genişləndirmək baxımından strateji əhəmiyyət daşıyır.

“‘WeBuild" iri və mürəkkəb infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində 120 ildən artıq beynəlxalq təcrübəsini Orta Dəhlizin inkişafına töhfə vermək üçün təqdim edə bilər. Bu istiqamətdə, xüsusilə dəmir yollarının tikintisi sahəsində imkanlarımız əhəmiyyətlidir”, - deyə o qeyd edib.

A.Tulli vurğulayıb ki, Orta Dəhlizin inkişafı üçün yalnız strateji baxış kifayət deyil. Bunun üçün texniki baxımdan əsaslandırılmış, iqtisadi cəhətdən səmərəli, maliyyə strukturu düzgün qurulmuş və effektiv şəkildə icra olunan layihələrə ehtiyac var.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti