SOCAR 2027-ci ildə Azərbaycanda geotermal layihələrin işlənilməsinə başlamağı planlaşdırır

İqtisadiyyat Xəbər 23 Noyabr 2026 14:48 (UTC +04:00)
SOCAR 2027-ci ildə Azərbaycanda geotermal layihələrin işlənilməsinə başlamağı planlaşdırır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2027-ci ildə ölkədə iki geotermal layihənin işlənməsinə başlamağı planlaşdırır.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.

Onun sözlərinə görə, SOCAR-ın fəaliyyət istiqamətlərindən biri enerji keçididir. Ə.İsayev bildirib ki, SOCAR 2035-ci ilədək karbohidrogen biznesini və aşağı karbonlu fəaliyyət istiqamətlərini əhatə edən balanslaşdırılmış portfelə malik enerji şirkətinə çevrilməyi hədəfləyir.

"Bununla yanaşı, SOCAR onların hasilatının səmərəliliyini artırmağı və ətraf mühitə təsirini azaltmağı qarşıya məqsəd qoyub. Bu istiqamətdə şirkət süni intellekt əsaslı həllər də daxil olmaqla yeni texnologiyalar tətbiq edir, həmçinin rəqəmsallaşma proqramını həyata keçirir. Bu il şirkət emal əməliyyatlarında (downstream) süni intellektin tətbiqinə görə Dünya İqtisadi Forumunun Lighthouse proqramının mükafatına üçüncü dəfə layiq görülüb. Karbamid istehsalı müəssisəsində bu texnologiyaların tətbiqi enerji səmərəliliyini artırmağa və xammaldan istifadəni optimallaşdırmağa imkan verir.

Bundan əlavə, təxminən iki il əvvəl "SOCAR Boston Consulting Group" (BCG) şirkəti ilə birlikdə süni intellektin tətbiqi üzrə yeni imkanlar hazırlayaraq istifadəyə verib. Bu sistem peyklərdən, pilotsuz uçuş aparatlarından və ölçmə kampaniyaları zamanı əldə edilən məlumatları təhlil etməyə, potensial problemləri müəyyənləşdirməyə və profilaktik texniki xidmətdən tutmuş upstream və downstream seqmentlərində yeni əməliyyat texnologiyalarının tətbiqinədək zəruri tədbirləri müəyyən etməyə kömək edir", - deyə o bildirib.

Onun sözlərinə görə, SOCAR geotermal ehtiyatların mənimsənilməsi üçün quyu qazma sahəsindəki təcrübəsindən istifadə etməyi, eləcə də İtaliya şirkətləri ilə əməkdaşlıq qurmağı planlaşdırır.

O qeyd edib ki, Azərbaycanın Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi və hökuməti geotermal sektorun inkişafı ilə bağlı risklərin azaldılmasına imkan verəcək müvafiq mexanizmlərin hazırlanmasına başlayacaq.

SOCAR-ın vitse-prezidenti bildirib ki, "Schlumberger" şirkəti ilə birlikdə işğaldan azad edilmiş ərazilərin geotermal potensialı üzrə ilkin kabinet araşdırmaları aparılıb, "Baker Hughes" şirkəti ilə isə Neftçala rayonundakı imkanlar öyrənilib.

Onun sözlərinə görə, Neftçala rayonunda geotermal enerjidən həm elektrik enerjisi istehsalı, həm də mərkəzləşdirilmiş istilik təchizatı üçün istifadə potensialı mövcuddur.

"Hazırda SOCAR layihələrə investisiya yatırmağa hazır olan, geotermal enerji və istilik təchizatı sahəsində təcrübə və texnologiyalara malik tərəfdaş axtarır. Şirkət belə bir tərəfdaşla səylərini birləşdirərək 2027-ci ildən etibarən qeyd olunan iki istiqamətin işlənməsinə başlamağı planlaşdırır", - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti