Bakı.Trend:
Danimarka hökuməti “Vahid siyahı – Qırmızı-yaşıl koalisiya” və “Alternativ” adlı iki partiya ilə orta məktəblərdə və dərsdənkənar tədbirlər zamanı mobil telefonların istifadəsinin qadağan edilməsi barədə razılıq əldə edib. Ölkənin ibtidai məktəblərində isə smartfonlardan istifadə artıq yeni tədris ilindən qadağan olunub.
Bu barədə Danimarkanın Təhsil Nazirliyinin yaydığı press-relizdə bildirilib.
Qadağa 2027/2028-ci tədris ilindən qüvvəyə minəcək. Bununla belə, sağlamlıq vəziyyəti ilə əlaqədar uşaqlar üçün müəyyən istisnalar nəzərdə tutula bilər. Tədris prosesində istifadə olunan kompüter və planşetlər isə qadağaya şamil edilməyəcək.
“Uşaqlar, məsələn, sosial şəbəkələr, onlayn alış-veriş və oyunlar kimi amillərə daim diqqət ayırmadan məktəbə gedə bilməlidirlər”, – deyə təhsil naziri Maqnus Heunike bildirib.
2025-ci ildə əldə edilmiş əvvəlki razılaşmaya əsasən, hər bir məktəb ibtidai siniflərdə və üçüncü sinfə qədər olan dərsdənkənar proqramlarda mobil cihazlardan istifadənin qadağan edilməsini təmin edən öz qaydalarını hazırlamalı idi.
