Bakı.Trend:
Noyabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtaliya Respublikasının Baş
nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri
Antonio Tayani ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən,
görüşdə Azərbaycan-İtaliya münasibətlərinin cari vəziyyəti,
strateji tərəfdaşlığın inkişaf perspektivləri, ikitərəfli
əməkdaşlığın müxtəlif istiqamətləri, habelə regional və beynəlxalq
məsələlər müzakirə olunub.
Azərbaycan-İtaliya münasibətlərinin dostluq və qarşılıqlı etimad
əsasında inkişaf etdiyi məmnunluqla vurğulanıb. Dövlət və hökumət
başçıları səviyyəsində qarşılıqlı səfər və təmasların əhəmiyyəti
qeyd olunub.
İqtisadi-ticarət əlaqələrinin Azərbaycan-İtaliya əməkdaşlığının
aparıcı istiqamətlərindən biri olduğu qeyd edilib. İtaliyanın
Azərbaycanın əsas ticarət tərəfdaşı, Azərbaycanın isə Cənubi Qafqaz
regionunda İtaliyanın ən böyük ticarət tərəfdaşı olduğu
vurğulanıb.
Bu gün Bakıda keçirilmiş Azərbaycan-İtaliya Biznes Forumunun iki
ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və
yeni investisiya imkanlarının müəyyənləşdirilməsi baxımından
əhəmiyyəti qeyd olunub.
Azərbaycanın uzun illərdir İtaliyanın etibarlı neft və təbii qaz
təchizatçısı kimi çıxış etdiyi, həmçinin sənaye, kənd təsərrüfatı,
yüksək texnologiyalar, infrastruktur və digər sahələrdə
əməkdaşlığın genişləndirilməsi perspektivlərinə toxunulub.
İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti, xüsusilə işğaldan
azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata
keçirilən layihələr yüksək qiymətləndirilib.
Nəqliyyat və logistika sahəsində əməkdaşlığın geniş potensialına
diqqət çəkilib. Orta Dəhlizin artan əhəmiyyəti, Azərbaycanın bu
marşrut üzrə mühüm tranzit və logistika mərkəzi kimi rolu qeyd
olunub. İtaliya şirkətləri Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının yaratdığı
imkanlardan faydalanmağa dəvət edilib.
Humanitar sahədə əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi
Bakı şəhərində fəaliyyət göstərən İtaliya-Azərbaycan
Universitetinin əhəmiyyəti qeyd olunub. Təhsil, elm, mədəniyyət,
gənclər, idman və turizm sahələrində əlaqələrin, habelə
universitetlər və elmi müəssisələr arasında birbaşa təmasların
genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı dəstək
və koordinasiyanın əhəmiyyəti qeyd edilib.
Nazirlər tərəfindən Yaxın Şərq regionunda davam edən münaqişələr
ətrafında fikir mübadiləsi aparılıb və bu münaqişələrin siyasi
dialoq və diplomatik danışıqlar yolu ilə həllinin vacibliyinə dair
həmfikirlik ifadə olunub.
Nazir Ceyhun Bayramov regional məsələlər, Cənubi Qafqazda mövcud
vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşdırılması prosesi, Azərbaycanın işğaldan azad edilmiş
ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, keçmiş
məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və mina təhlükəsinin
yaratdığı çətinliklər barədə həmkarına məlumat verib.
Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətlərinə göstərdiyi
dəstəyə görə İtaliya tərəfinə minnətdarlıq ifadə olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli,
regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.
Görüşün nəticəsində nazirlər birgə mətbuat konfransında çıxış edib,
media nümayəndələrinin suallarını cavablandırıblar.
