Bakı. Trend:
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aran küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 300 kvadratmetr olan kürsülü ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənərək bitişik tikililərə keçmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində evin ikinci mərtəbəsi 150 kvadratmetr sahədə, dam örtüyü və pilləkən qəfəsi yanıb.
Evin birinci mərtəbəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
