Azərbaycan Türkmənistanın daimi bitərəflik siyasətini dəstəkləyir – Samir Şərifov

Siyasət Xəbər 23 Noyabr 2026 17:20 (UTC +04:00)
Azərbaycan Türkmənistanın daimi bitərəflik siyasətini dəstəkləyir – Samir Şərifov
Fuad Namazov
Fuad Namazov
Jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Türkmənistanın daimi bitərəflik siyasətini yüksək qiymətləndirir və sülhün, etimadın, əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq təşəbbüslərini ardıcıl şəkildə dəstəkləyir.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Bakıda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycan dilində nəşr olunmuş “Türkmənistanın bitərəfliyi – sülh və etimadın parlaq yolu” kitabının təqdimatına həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kitabın Azərbaycan dilində nəşr olunması oxuculara Türkmənistanın dövlətçilik təcrübəsi və xarici siyasət yanaşmaları ilə daha yaxından tanış olmaq imkanı yaradır. O həmçinin nəşrin iki xalq arasında tarixi, mədəni və mənəvi əlaqələri tərənnüm etdiyini vurğulayıb.

Şərifov qeyd edib ki, Türkmənistanın daimi bitərəflik statusunun 1995-ci ildə BMT Baş Assambleyası tərəfindən tanınması ölkənin beynəlxalq mövqeyinin formalaşmasında mühüm hadisə olub. Onun sözlərinə görə, Azərbaycan Aşqabadın beynəlxalq dialoqun inkişafına yönəlmiş təşəbbüslərini dəstəkləyir.

O xatırladıb ki, Azərbaycan 2025-ci ilin Beynəlxalq Sülh və Etimad İli elan edilməsi ilə bağlı BMT Baş Assambleyasının qətnaməsinin həmmüəlliflərindən biri olub. Bundan əlavə, Azərbaycanın Baş naziri Əli Əsədov 2025-ci ildə Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda iştirak edib və Azərbaycanın BMT-nin himayəsi altında Bitərəflik Universitetinin yaradılması ilə bağlı Türkmənistan təşəbbüsündə iştirak etməyə hazır olduğunu təsdiqləyib.

İkitərəfli münasibətlərdən danışan Şərifov qeyd edib ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı ilin iyun ayında Azərbaycana dövlət səfəri əməkdaşlığa yeni təkan verib. Onun sözlərinə görə, səfər çərçivəsində qəbul edilmiş birgə bəyanat və imzalanmış sənədlər qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün zəmin yaradıb.

O, həmçinin yüksək səviyyədə təmasların davam etdirilməsinə diqqət çəkərək, Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı ilin oktyabrında Türkmənistanda keçirilən Mərkəzi Asiya dövlət başçılarının səkkizinci Məşvərət görüşündə iştirakını qeyd edib.

Şərifov əlavə edib ki, nəqliyyat, energetika və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur. Mədəni və humanitar əlaqələr də iki ölkə arasındakı münasibətlərin mühüm tərkib hissəsi olaraq qalır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti