Bakı.Trend:
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun “Türkmənistanın bitərəfliyi– sülh və etimadın parlaq yolu” kitabının Azərbaycan dilinə tərcümə olunmasında və nəşrində fəal iştirak edib.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Bakıda kitabın Azərbaycan dilində nəşrinin təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, kitabın Azərbaycan dilində nəşr olunması türk xalqları arasında tarixi, mənəvi və mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, Fond Türkmənistanla ortaq mədəni irsin qorunması və təbliği sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir.
Raimkulova bildirib ki, Fond son iki il ərzində 60-a yaxın kitab nəşr edib. Onların arasında türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin türkmən və Azərbaycan dillərində nəşr olunmuş “Aşiq mənəm” şeirlər toplusu, eləcə də türkmən xalqının milli lideri Qurbanqulu Berdiməhəmmədovun “Ağlın müdrikliyi” elmi əsəri yer alır.
O, həmçinin Türkmənistanın 2025-ci ildə Fondun müşahidəçi dövləti statusuna qoşulduğunu qeyd edib. Hazırda təşkilat türkmən mütəxəssislərlə birlikdə türk folklorunun çoxdilli antologiyası üçün ölkənin zəngin folklor irsinə dair materiallar hazırlayır.
