Azərbaycan Mərkəzi Bankı banklara risk əsaslı nəzarət üçün ARAS sistemini tətbiq edir

İqtisadiyyat Xəbər 24 Noyabr 2026 10:22 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı banklara risk əsaslı nəzarət üçün ARAS sistemini tətbiq edir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Mərkəzi Bankı bankların risk profilini daha dəqiq müəyyənləşdirmək və risk səviyyəsinə uyğun nəzarət tədbirləri tətbiq etmək məqsədilə ARAS risk əsaslı nəzarət sisteminin tətbiqinə başlayıb.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, “ağıllı tənzimləmə”nin effektiv tətbiqi bank nəzarətinin özünün dərin transformasiyası olmadan mümkün deyil.

“Ani ödənişlər və məsafədən göstərilən rəqəmsal xidmətlər dövründə ənənəvi nəzarət tədbirlərinin effektivliyi azalır. ARAS sistemi gələcəyə baxış yanaşmasına əsaslanır və bankların risk profilini daha dəqiq müəyyənləşdirməyə, habelə risk səviyyələrinə uyğun mütənasib nəzarət tədbirləri tətbiq etməyə imkan verir. Bununla yanaşı, Mərkəzi Bank nəzarət tədbirlərinin effektivliyini və çevikliyini artırmaq məqsədilə SupTech həllərinin formalaşdırılmasına və tətbiqinə başlayıb”, - deyə o bildirib.

Ə.Məmmədyarovun sözlərinə görə, rəqəmsal maliyyə xidmətlərinin əhatə dairəsinin genişləndiyi bir şəraitdə avtomatlaşmış risk əsaslı nəzarət sistemi ölkədə maliyyə sabitliyinin təmin olunmasında mühüm rol oynayır və sektorun gələcək çağırışlara hazırlıq səviyyəsini artırır.

O, həmçinin son illərdə tənzimləmə və nəzarət sahəsində həyata keçirilən ardıcıl tədbirlərin Azərbaycanın bank sektorunun beynəlxalq reytinqlərinin yaxşılaşmasına əhəmiyyətli töhfə verdiyini vurğulayıb.

Ə.Məmmədyarov əlavə edib ki, Mərkəzi Bank 2027-2030-cu illər üçün “Maliyyə sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi üzrə Dövlət Proqramı” üzərində iş aparır.

“Proqramın əsas məqsədi Azərbaycanı regionun aparıcı rəqəmsal maliyyə mərkəzlərindən birinə çevirmək, innovativ maliyyə xidmətlərinin inkişafını dəstəkləmək və nağdsız ödənişləri genişləndirməkdir”, - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti