Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin həyata keçirilməsi üçün 140 milyon dollar ayrılmasını təsdiqləyib.
Bu barədə AİB-dən məlumat verilib.
Bu, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması üzrə ilk irimiqyaslı layihə, həmçinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən ilk layihədir.
“Layihə AİB-in 2025–2029-cu illər üzrə Azərbaycanla Tərəfdaşlıq Strategiyasının əsas məqsədlərindən birinə – aşağı karbonlu nəqliyyat və infrastruktur əlaqələrinin inkişafına, eləcə də inklüziv inkişafa uyğundur. Xüsusilə, layihə strategiyada nəzərdə tutulan ekoloji cəhətdən təmiz və dayanıqlı infrastrukturun yaradılması nəticəsinin əldə olunmasına töhfə verir”, - deyə AİB-in məlumatında bildirilib.
Layihə çərçivəsində əks osmos üsulu ilə dəniz suyunun duzsuzlaşdırılması qurğusunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və texniki xidməti nəzərdə tutulur. Qurğunun layihə gücü sutkada 300 min kubmetr su təşkil edəcək. Tələbatın pik həddə çatdığı dövrlərdə istehsal həcminin sutkada 330 min kubmetrə qədər artırılması mümkün olacaq. Layihə, həmçinin müvafiq infrastrukturun yaradılmasını əhatə edir.
Layihə 25 illik dövlət-özəl tərəfdaşlığı (DÖT) sazişi çərçivəsində həyata keçiriləcək. Duzsuzlaşdırılmış su yalnız iri şəhərlərin su təchizatına cavabdeh olan dövlət şirkəti “United Water Supply Services of Major Cities”ə (Böyük Şəhərlərin Su Təchizatı Xidməti) veriləcək.
.
