Bakı. Trend:
Avstraliya süni intellekti ölkənin xarici siyasət gündəliyini müəyyən edən əsas amillər sırasına daxil etmək niyyətindədir.
Bu barədə "Reuters" agentliyi xəbər verib.
Məlumata əsasən, bu, ölkənin xarici işlər naziri Penni Vonqun parlamentdə edəcəyi çıxışının əsas mövzularından biridir.
Nazirin qiymətləndirməsinə görə, süni intellektin və digər yeni texnologiyaların sürətlə yayılması iqtisadi və strateji tarazlığı dəyişir, cəmiyyətə və silahlı qüvvələrə təsir göstərir. O, həmçinin süni intellekt vasitələrindən istifadə etməklə demokratik proseslərə xarici müdaxilənin baş vermə risklərinə diqqət çəkmək niyyətindədir.
Kanberra kritik infrastrukturun dayanıqlığının və kibertəhlükəsizliyin gücləndirilməsini, eləcə də qabaqcıl modellərin təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsini hədəfləyir. Avstraliya texnoloji investisiyaları və innovasiyaları dəstəkləyir, lakin texnologiyaların hazırlanma sürətinin ehtiyat tədbirlərindən üstün tutulduğu yanaşmanın əleyhinə çıxış edir.