Azərbaycan əhalisinin banklardakı əmanətləri rekord həddə çatıb

Maliyyə Xəbər 24 Noyabr 2026 10:56 (UTC +04:00)
Azərbaycan əhalisinin banklardakı əmanətləri rekord həddə çatıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin ilk 10 ayının yekunlarına görə, Azərbaycan əhalisinin banklardakı əmanətləri təxminən 15 faiz artaraq tarixi rekord həddə - 18,7 milyard manata çatıb.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov çərşənbə axşamı Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

“Əvvəlki illərdə olduğu kimi, bu ilki Forumun da mövzusu Mərkəzi Bankda hər gün həll etdiyimiz strateji vəzifəni maksimum dəqiqliklə əks etdirir. Bu gün Azərbaycanın bank sektoru öz inkişafının yeni mərhələsinə sağlam və dayanaqlı formada daxil olur. Biz, üçillik strategiyamızı sağlam və güclü göstəricilərlə başa çatdırırıq. Belə ki, cari ilin 10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötmüşdür. Kredit portfelinin həcmi isə 14% artaraq 34 milyard manatı üstələmişdir. İlin əvvəlindən bankların biznes kreditləri 17% artaraq 19 milyard manata yaxınlaşmışdır. Əhalinin əmanətləri isə 15%-ə yaxın artaraq tarixi rekord 18.7 milyard manata çatmışdır”, - deyə o bildirib.

Ə. Məmmədyarovun sözlərinə görə, son illərdə bank sektorunda unikal əmanətçilərin sayında da artım müşahidə olunur.

“2023-cü ilin sonu ilə müqayisədə unikal əmanətçi sayı 2.2 dəfə artaraq 235 min nəfəri üstələmişdir. Əhalinin əmanətlərindəki dedollarlaşma trendləri davam etməkdədir. Hazırda əhalinin əmanətlərinin yalnız 28%-i xarici valyutadadır.Düşünürəm ki, qeyd olunanlar, bank sektoruna olan etimadın ən bariz göstəriciləridir.

Bank sisteminin dayanıqlıq göstəriciləri də, yüksək olaraq qalır. Belə ki, sektorun məcmu kapitalı 7 milyard manat təşkil edir. Bank sistemi üzrə əsas dayanıqlıq göstəricisi olan məcmu kapitalın adekvatlıq əmsalı təxminən 17% səviyyəsindədir ki, bu da tənzimləyici tələblərimizi əhəmiyyətli dərəcədə üstələyir və gələcək texnoloji transformasiya üçün möhkəm təməl formalaşdırır”, - deyə A. Məmmədyarov qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti