AMB 2027-ci ildə model risklərini əsas nəzarət prioritetləri sırasına daxil edəcək

Maliyyə Xəbər 24 Noyabr 2026 11:06 (UTC +04:00)
AMB 2027-ci ildə model risklərini əsas nəzarət prioritetləri sırasına daxil edəcək
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə model risklərini kredit və əməliyyat riskləri ilə yanaşı əsas nəzarət prioritetləri sırasına daxil edəcək.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov çərşənbə axşamı Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

"Müasir dünyada, bankların fəaliyyətində neyro-şəbəkələr və süni intellekt artıq eksperiment olmaqdan çıxaraq bankların əsas əməliyyat nüvəsinə çevrilməkdədir. Lakin, bu sistemlərin sürəti və mürəkkəbliyi artdıqca səhvin qiyməti də yüksəlir. Neyro-şəbəkə və süni intellekt haqqında danışarkən əsas baza prinsipini qeyd etmək istəyirəm: texnologiyalar özü-özlüyündə neytral deyil. Alqoritm qərəzsiz hakim deyil, onu yaradanların məqsədlərinin və tərtibatçının özünün ora daxil etdiyi fərziyyələrin əksidir",-deyə o bildirib.

Onun sözlərinə görə, süni intellektdən yalnız xərclərin azaldılması və insan əməyinin tamamilə əvəzlənməsi məqsədilə istifadə edilməsi səmərəliliyin artırılmasına deyil, sistemli risklərin toplanmasına gətirib çıxara bilər.

"Bu gün bankların risk profilinə nəzər saldıqda, model risklərinin ön plana çıxdığının şahidi oluruq. Belə ki, qeyri-dəqiq və ya yanlış tətbiq edilmiş riyazi və süni intellekt modelləri bankları maliyyə itkiləri, yanlış idarəetmə qərarları və ya reputasiya itkisi ilə üzləşdirə bilər. Məhz buna görə də Mərkəzi Bank üçün 2027-ci ildə model riskləri, kredit və əməliyyat riskləri ilə bərabər əsas nəzarət prioritetləri sırasında olacaqdır",-deyə sədr müavini bildirib.

Ə. Məmmədyarov bildirib ki, bank sektorunun inkişafının təmin edilməsi və müasir dövrün yeni çağırışlarına cavab verilməsi qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və birgə fəaliyyət sayəsində mümkündür.

“Əminəm ki, bu Forum mövcud tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinə və ümumi maraqlara xidmət edən təşəbbüslərin irəlilədilməsinə mühüm töhfə verəcək”, - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti