Bakı. Trend:
Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.
Bu barədə Xarici İşlər Nazirliyindən verilən məlumatda qeyd edilib.
Oktyabrın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfiri
Qiorqi Zakaraşvilini qəbul edib.
Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona
iki ölkə arasında münasibətlərin daha da inkişafı istiqamətində
diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə ölkələrimiz arasındakı ənənəvi dostluq və mehriban qonşuluq
münasibətlərinin, mövcud olan yüksək səviyyəli əlaqələrin
ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı
vurğulanıb.
Görüş zamanı, Azərbaycan-Gürcüstan tərəfdaşlıq münasibətlərinin
cari vəziyyəti və inkişaf perspektivləri, iqtisadi-ticarət
əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya
layihələri, müdafiə, və təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq
məsələləri müzakirə olunub. Qarşılıqlı etimada əsaslanan əlaqələrin
regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı
vurğulanıb. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin
önəmi qeyd olunub.
Tərəflər enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə
layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi,
Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhlizin, həmçinin Qara dəniz
sualtı elektrik enerjisi kabeli kimi "yaşıl enerji" layihələrinin
regional və qlobal əhəmiyyətini qeyd ediblər.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda yaranmış
reallıqlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən
genişmiqyaslı bərpa-quruculuq işləri, habelə Azərbaycan-Ermənistan
sülh və normallaşma prosesi barədə səfirə ətraflı məlumat
verib.
Səfir Qiorqi Zakaraşvili səmimi qəbula görə təşəkkürünü bildirərək,
bu vəzifədə xidmət etməyin onun üçün böyük şərəf və məsuliyyət
olduğunu vurğulayıb. O, fəaliyyəti dövründə Gürcüstan və Azərbaycan
arasında strateji tərəfdaşlığın daha da genişləndirilməsi üçün
səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional
məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
