DİM imtahanlarına alternativ: Beynəlxalq sertifikatlarla qəbul genişləndirilsin

Cəmiyyət Xəbər 27 Noyabr 2026 17:22 (UTC +04:00)
DİM imtahanlarına alternativ: Beynəlxalq sertifikatlarla qəbul genişləndirilsin
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend

Yerli ali təhsil müəssisələrinə qəbul prosesində SAT, IELTS və TOEFL kimi nüfuzlu beynəlxalq imtahan nəticələrinin tanınması mexanizminin genişləndirilməsi həm şagirdlərin akademik yükünün optimallaşdırılması, həm də təhsil sistemimizin qlobal standartlara inteqrasiyası baxımından olduqca mütərəqqi və zəruri təşəbbüsdür.

Bu barədə Trend-ə açıqlamasında fəlsəfə doktoru,Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

O bildirib ki, hazırda beynəlxalq səviyyəli bilik əldə etmək istəyən abituriyentlər eyni vaxtda həm DİM-in mərkəzləşdirilmiş imtahan proqramına, həm də beynəlxalq sertifikat imtahanlarına hazırlaşmaq məcburiyyətində qalırlar.

Fikrimcə, bu paralel və ikiqat hazırlıq yükü gənclərdə ciddi vaxt itkisinə, zehni yorğunluğa və əlavə maliyyə xərclərinə səbəb olur. Beynəlxalq imtahan nəticələrinin daha geniş ixtisas və universitet spektrində ekvivalent kimi tanınması isə abituriyentlərə öz potensiallarını vahid və məqsədyönlü istiqamətə yönəltmək imkanı verəcək.

"Həmçinin bu mexanizmin genişləndirilməsi təkcə abituriyentlərin yükünü azaltmaqla kifayətlənməyəcək, eyni zamanda universitetlərimizdə tədrisin keyfiyyətinə də birbaşa müsbət təsir göstərəcək. Çünki SAT, IELTS və TOEFL kimi imtahanlar abituriyentin mexaniki yaddaşını deyil, məhz akademik yazı, oxuyub-anlama, məntiqi mühakimə və xarici dildə elmi ünsiyyət qurmaq səriştəsini ölçür. Düşünürəm ki, bu standartlara cavab verən gənclərin yerli universitetlərə daha çevik şərtlərlə cəlb olunması ali məktəblərdə ingilisdilli proqramların genişlənməsinə, rəqabətli akademik mühitin formalaşmasına və gənclərin beyin axınının qarşısının alınaraq ölkə daxilində keyfiyyətli təhsil almasına ciddi stimul yaradacaq", - deyə o qeyd edib.

İ.Orucov əlavə edib ki, digər tərəfdən, bu proses həyata keçirilərkən təhsildə bərabər imkanlar prinsipinin və qiymətləndirmə ədalətinin qorunması xüsusi diqqət mərkəzində saxlanılmalıdır.

"İnanıram ki, beynəlxalq imtahan nəticələrinin milli qəbul ballarına uyğunlaşdırılması elmi-statistik əsaslarla, şəffaf meyarlar üzərindən aparılmalıdır ki, fərqli imtahan modelləri arasında süni üstünlük və ya qeyri-bərabərlik yaranmasın. Hesab edirəm ki, müvafiq dövlət qurumları və ali təhsil müəssisələri bu istiqamətdə vahid və çevik normativ baza formalaşdırarsa, həm şagirdlərin ikiqat imtahan stresi aradan qalxar, həm də Azərbaycan ali təhsil məkanı ilə beynəlxalq qiymətləndirmə sistemləri arasında tam uyğunluq təmin olunar", - deyə fəsləfə doktoru vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti