Bakı. Trend:
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 43 milyard 188,7 milyon ABŞ dolları təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz çoxdur.
Trend Dövlət Gömrük Komitəsinin hesabatları əsasında apardığı hesablamalara görə, hesabat dövründə ixrac əməliyyatlarının həcmi 27 milyard 920,7 milyon dollar, idxalın həcmi isə 15 milyard 268 milyon dollar olub.
2025-ci ilin yanvar-oktyabr aylarında isə Azərbaycanın xarici ticarət dövriyyəsi 40 milyard 862 milyon dollar təşkil edib. Həmin dövrdə ixrac 21 milyard 636,8 milyon dollar, idxal isə 19 milyard 225,2 milyon dollar səviyyəsində qeydə alınıb.
Beləliklə, bir il ərzində ixrac 29 faiz artıb, idxal isə 20,6 faiz azalıb. Nəticədə Azərbaycanın xarici ticarətində müsbət saldo 2025-ci ilin eyni dövründəki 2,4 milyard dollardan 2026-cı ilin yanvar-oktyabr aylarında 12,65 milyard dollara yüksəlib. Bu, müsbət saldonun 5,2 dəfədən çox artması deməkdir.
Xarici ticarətdə əsas tərəfdaş ölkələr
2026-cı ilin ilk 10 ayında Azərbaycanın ən böyük ticarət tərəfdaşı İtaliya olub. Bu ölkə ilə ticarət dövriyyəsi 11 milyard 590,5 milyon dollar təşkil edib.
Sonrakı yerlərdə Türkiyə 4 milyard 858 milyon dollar, Çin 3 milyard 872 milyon dollar, Böyük Britaniya 3 milyard 743,1 milyon dollar və Rusiya 3 milyard 7,6 milyon dollarla qərarlaşıb.
2025-ci ilin eyni dövründə də İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olub. Həmin vaxt İtaliya ilə dövriyyə 10 milyard 556,1 milyon dollar təşkil edib. Türkiyə 4 milyard 770,1 milyon dollar, Rusiya 4 milyard 152,3 milyon dollar, Çin 3 milyard 814,8 milyon dollar, Almaniya isə 1 milyard 236 milyon dollarla ilk beşlikdə yer alıb.
Müqayisə göstərir ki, 2026-cı ildə Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artaraq ölkəni əsas ticarət tərəfdaşları sırasında dördüncü yerə yüksəldib. Eyni zamanda, Rusiya ilə ümumi ticarət dövriyyəsində azalma müşahidə olunub.
İxracda Böyük Britaniya ikinci yerə yüksəlib
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın ixrac etdiyi məhsulların əsas alıcısı yenə İtaliya olub. Bu ölkəyə ixracın dəyəri 11 milyard 158,9 milyon dollar təşkil edib.
Böyük Britaniya 3 milyard 479,8 milyon dollarla ikinci, Türkiyə 2 milyard 896,2 milyon dollarla üçüncü, Rusiya 1 milyard 19,6 milyon dollarla dördüncü, Çexiya isə 976,6 milyon dollarla beşinci yerdə qərarlaşıb.
Bununla yanaşı, Gürcüstan 851,8 milyon dollar, Rumıniya 697,3 milyon dollar, Yunanıstan 686,7 milyon dollar, Bolqarıstan 682,6 milyon dollar və Hindistan 680,7 milyon dollarla Azərbaycanın əsas ixrac istiqamətləri sırasında yer alıb.
2025-ci ilin eyni dövründə ixracda ilk beşlik İtaliya, Türkiyə, Rusiya, Çexiya və Yunanıstandan ibarət olub. Həmin vaxt İtaliyaya 10 milyard 148,2 milyon dollar, Türkiyəyə 2 milyard 821 milyon dollar, Rusiyaya 975,9 milyon dollar, Çexiyaya 703,2 milyon dollar, Yunanıstana isə 665 milyon dollar dəyərində məhsul ixrac edilib.
Beləliklə, 2026-cı ildə Böyük Britaniya Azərbaycanın ixracında ikinci əsas istiqamətə çevrilib. İtaliya ilə yanaşı, bu ölkənin ixrac coğrafiyasında mövqeyinin güclənməsi diqqət çəkir.
İdxalda Çin liderliyini qoruyub
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın idxalında ilk sırada 3 milyard 782,4 milyon dollarla Çin qərarlaşıb. Rusiyadan 1 milyard 988,1 milyon dollar, Türkiyədən 1 milyard 961,7 milyon dollar, ABŞ-dən 722 milyon dollar, Almaniyadan isə 636,3 milyon dollar dəyərində məhsul idxal olunub.
İran 497,8 milyon dollar, İtaliya 431,6 milyon dollar, Belarus 344,5 milyon dollar, Yaponiya 270,4 milyon dollar və Böyük Britaniya 263,3 milyon dollarla əsas idxal tərəfdaşları sırasında yer alıb.
2025-ci ilin yanvar-oktyabr aylarında da Çin 3 milyard 735,2 milyon dollarla Azərbaycanın ən böyük idxal tərəfdaşı olub. Rusiyadan 3 milyard 176,4 milyon dollar, Türkiyədən 1 milyard 949,1 milyon dollar, ABŞ-dən 1 milyard 6,7 milyon dollar, Avstraliyadan isə 764,2 milyon dollar dəyərində məhsul idxal edilib.
Müqayisə göstərir ki, Çin hər iki dövrdə idxalda liderliyini qoruyub. Bununla yanaşı, Rusiyadan idxalın həcmi nəzərəçarpacaq dərəcədə azalıb.
Ümumilikdə, 2026-cı ilin ilk 10 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində ixracın payı 64,65 faiz, idxalın payı isə 35,35 faiz təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 52,95 faiz və 47,05 faiz olub.
