Türk dünyasının alimləri Bakıdan 100 il sonra Londona toplaşır (VİDEO)

Gündəm Xəbər 26 Noyabr 2026 17:56 (UTC +04:00)
Türk dünyasının alimləri Bakıdan 100 il sonra Londona toplaşır (VİDEO)

Bakı.Trend:

Noyabrın 30-da Londonda Britaniya Kitabxanasında (Pigott Theatre) “Türk dünyası qlobal tarixdə: kimlik və mədəni irs. Birinci Türkoloji Qurultayın 100 illiyinə: Bakı 1926 – London 2026” mövzusunda Beynəlxalq Simpozium keçiriləcək.

Trend Fondun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Böyük Britaniyada fəaliyyət göstərən türk dövlətlərinin səfirlikləri ilə birgə təşkil olunan tədbir dünyanın müxtəlif ölkələrindən aparıcı alimləri, türkoloqları, beynəlxalq təşkilatların, elmi və mədəniyyət müəssisələrinin nümayəndələrini, eləcə də diplomatik korpusun təmsilçilərini bir araya gətirəcək.

1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının dillərinin, tarixinin və mədəni irsinin elmi şəkildə öyrənilməsinin mühüm əsaslarını qoymuş tarixi hadisə olub. Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi təşəbbüsü 2025-ci il oktyabrın 7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşündə türk dövlətlərinin başçıları tərəfindən yekdilliklə dəstəklənib.

2026-cı il noyabrın 20-21-də Özbəkistanın Səmərqənd şəhərində bir əsr əvvəl Bakıda başlanmış elmi dialoqu davam etdirən İkinci Türkoloji Qurultay keçirilib. Noyabrın 30-da Londonda təşkil olunacaq simpozium iki qurultayın elmi irsinin dərindən öyrənilməsinə və türkologiyanın inkişafı üçün yeni perspektivlərin müəyyənləşdirilməsinə yönəlmiş yubiley proqramının mühüm beynəlxalq tədbirlərindən biri olacaq.

Simpoziumun proqramına açılış mərasimi, plenar iclas və iki tematik elmi sessiya daxildir. Açılış mərasimində Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkiyənin, Özbəkistanın və Türkmənistanın Böyük Britaniyadakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin, eləcə də Türk Dövlətləri Təşkilatının, Türk Mədəniyyəti və İrsi Fondunun və TDT Ağsaqqallar Şurasının rəhbərliyinin çıxışları nəzərdə tutulur.

Elmi müzakirələr “Əsrləri ehtiva edən türkoloji araşdırmalar: tarix, mənbələr və elmi ənənələr” və “Türk dünyasının mədəni yaddaşı: irs, kimlik və müasir perspektivlər” adlı sessiyalar çərçivəsində aparılacaq. İştirakçılar türk xalqlarının mədəni irsin öyrənilməsində tarixi rolunu, kimlik məsələlərini, eləcə də müasir tədqiqatlarda rəqəmsal texnologiyaların və süni intellektin tətbiqini müzakirə edəcəklər.

Simpozium çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun elmi-nəşriyyat layihələri – “Türk dünyasının mədəni kodu” adlı çoxdilli kataloq və “Türk folklor irsi” antologiyası da təqdim olunacaq. Bu nəşrlər türk xalqlarının ortaq mədəni irsinin qorunmasına, öyrənilməsinə və beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.

Əsas təşəbbüslərdən biri Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə Gənc Türkoloqların Ümumdünya Şəbəkəsinin (World Network of Young Turkologists) yaradılması olacaq. Yeni akademik platforma beynəlxalq elmi əməkdaşlığın, akademik mobilliyin inkişafı və birgə layihələrin həyata keçirilməsi məqsədilə türk dövlətlərindən, Böyük Britaniyadan və digər ölkələrdən olan gənc tədqiqatçıları bir araya gətirməyi nəzərdə tutur.

Britaniya və digər beynəlxalq kolleksiyalarda saxlanılan türk tarixi-mədəni irsinin öyrənilməsi, kataloqlaşdırılması və rəqəmsallaşdırılması da daxil olmaqla, universitetlər, tədqiqat mərkəzləri, kitabxanalar və muzeylər arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.

Simpoziumun yekun sənədləri sırasında ötən əsr ərzində türkoloji elmin əldə etdiyi mühüm nailiyyətlərin beynəlxalq səviyyədə tanınmasını təsbit etmək, türk xalqlarının tarixinin və mədəni irsinin öyrənilməsində bir neçə nəsil alimin töhfəsini qeyd etmək, eləcə də gələcək beynəlxalq elmi əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirmək məqsədi daşıyan London Bəyannaməsinin qəbul edilməsi də nəzərdən keçirilir.

“Bakı 1926 – London 2026” Beynəlxalq Simpoziumu elmi əlaqələrin möhkəmləndirilməsi, ortaq mədəni irsin qorunması və XXI əsrdə türkologiyanın inkişafı baxımından mühüm mərhələ olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti