Azərbaycan neftinin qiyməti 100 dolları ötüb

Energetika Xəbər 26 Noyabr 2026 09:40 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın “Azeri Light” markalı neftinin İtaliyanın Auqusta limanında CIF şərtləri ilə qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,21 ABŞ dolları və ya 4,4 faiz artaraq bir barel üçün 100,34 ABŞ dollarına çatıb.

Bu barədə neft bazarı iştirakçılarının məlumatında deyilir.

Qeyd olunur ki, “Azeri Light” markalı neftin Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə bir barelinin qiyməti 4,18 dollar və ya 4,6 faiz artaraq 95,61 dollara çatıb.

“Urals” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,84 dollar və ya 5,8 faiz artaraq bir barel üçün 70,14 dollara çatıb.

Şimal dənizində hasil olunan “Dated Brent” markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,64 dollar və ya 5,1 faiz artaraq bir barel üçün 94,96 dollara çatıb.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

“Trading Economics”in son məlumatına görə, “Brent” markalı neftin qiyməti cümə axşamı bir barel üçün 95 dolları ötüb. Yaxın Şərqdə hücumların intensivləşməsi neft tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqları artırıb və qiymət ardıcıl üçüncü ticarət sessiyasında yüksəlib.

“İranın dəstəklədiyi husi silahlıları Səudiyyə Ərəbistanına, o cümlədən ölkənin əsas neft ixrac terminalı olan Rəs-Tənuraya hücumları davam etdiriblər. İran həmçinin Hörmüz boğazından keçən bir neçə gəminin minaya düşərək partladığını bildirib. Son artıma baxmayaraq, Fars körfəzindən xam neft tədarükünün bərpası fonunda neft qiymətləri ayın əvvəlindəki səviyyədən təxminən 20 faiz aşağı olaraq qalır. Bundan əlavə, Beynəlxalq Enerji Agentliyi (BEA) dördüncü rübdə neft təklifinin tələbi üstələyəcəyini proqnozlaşdırır. ABŞ hökumətinin məlumatına görə, ötən həftə ölkənin kommersiya neft ehtiyatları 1,1 milyon barel artıb. Benzin və distillat ehtiyatları da artıb”, – deyə “Trading Economics” xəbər verir.

Qeyd olunur ki, bu arada OPEC+ ölkələrinin nazirləri noyabrın 29-da görüşərək 2027-ci il üzrə hasilat siyasətini müzakirə edəcəklər. İraq isə öz növbəsində hasilat gücünə dair qiymətləndirmənin artırılmasına çalışır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti