Bakı. Trend:
Polşa və Böyük Britaniya hökumətləri yeni CAMM-MR/FCM ortamənzilli raketinin hazırlanması üzrə tədqiqat və təkmilləşdirmə işlərinin birgə maliyyələşdirilməsi və əməkdaşlıq haqqında saziş imzalayıblar.
Sənəd yeni raket kompleksinin yaradılması sahəsində iki ölkə arasında əməkdaşlığın çərçivəsini müəyyənləşdirir və hava hücumundan müdafiə (HHM) sahəsində strateji tərəfdaşlığı təsdiqləyir.
Layihəyə Polşa Silahlanma Qrupuna (PGZ) daxil olan şirkətlərin, yerli müdafiə sənayesi müəssisələrinin və elmi-tədqiqat təşkilatlarının cəlb edilməsi nəzərdə tutulur.
Proqramda iştirakın Polşa sənayesinə mühüm texnoloji irəliləyişlər əldə etməyə və müasir raket sistemlərinin istehsalı sahəsində imkanlarını genişləndirməyə şərait yaradacağı gözlənilir.
Bildirilib ki, imzalanan sənəd layihənin ilkin konsepsiya mərhələsində həyata keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, CAMM-MR/FCM (Future Common Missile / Medium-Range) CAMM raket ailəsinin imkanlarını genişləndirmək üçün hazırlanması nəzərdə tutulan, uçuş məsafəsi 100 kilometrdən çox olan perspektivli zenit idarəolunan raketdir.
Raketin təyyarələrin, helikopterlərin, pilotsuz uçuş aparatlarının və qanadlı raketlərin ələ keçirilməsi məqsədilə həm quru əsaslı hava hücumundan müdafiə sistemlərində, həm də hərbi gəmilərdə tətbiqi planlaşdırılır.
