Bakı.Trend:
Azərbaycanda biznes kreditləri portfeli 2025-ci ilin sentyabrından 2026-cı ilin sentyabrınadək 18,6 faiz artıb.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu çərşənbə axşamı Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.
ABA rəhbəri bankların aktivlərinin 64 milyard manata, kredit portfelinin isə 34 milyard manata çatdığını qeyd edib.
Onun sözlərinə görə, qarşıdakı dövr üçün əsas vəzifələrdən biri bank sektorunun müəssisələrin məhsuldarlığının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və regionlarda iqtisadi fəallığın inkişafına töhfəsinin artırılmasıdır.
"2025-ci ilin sentyabrından 2026-cı ilin sentyabrınadək biznes kreditləri portfeli 18,6 faiz, dövlət fondlarının vəsaitləri hesabına maliyyələşdirilən biznes kreditləri isə 14,7 faiz artıb. Cari ilin ilk doqquz ayında ölkə daxilində bank kartları vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 80,7 milyard manata çatıb. Bu ödənişlərin ümumi kart əməliyyatlarında payı 70 faiz təşkil edib. Bundan əlavə, bu dövrdə milli ödəniş sistemi vasitəsilə həyata keçirilən əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,2 faiz artaraq 862,7 milyard manata çatıb", - deyə o bildirib.
Onun sözlərinə görə, ilk beynəlxalq bankçılıq forumlarının keçirilməsi zamanı qarşıya qoyulan əsas vəzifələrdən biri qarşıdakı 5-10 il ərzində Bakının beynəlxalq maliyyə mərkəzinə çevrilməsi, həmçinin bank sektoru və iqtisadiyyatın aktual məsələlərinin müzakirəsi üçün platformanın yaradılması olub.
"Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumu çərçivəsində imzalanması nəzərdə tutulan memorandumlar yeni birgə təşəbbüslər və uzunmüddətli tərəfdaşlıq üçün əsas olacaq", - deyə Z.Nuriyev bildirib.
O qeyd edib ki, Azərbaycan Mərkəzi Bankının, digər dövlət qurumlarının, bankların, beynəlxalq tərəfdaşların və təşkilatların dəstəyi sayəsində Bakı bu cür tədbirlərin keçirilməsi üzrə regional və beynəlxalq mərkəzə çevrilib.
Onun sözlərinə görə, forumun müzakirə mövzuları arasında alternativ maliyyələşdirmə alətləri və dayanıqlı maliyyələşdirmə, o cümlədən layihə və aqrar maliyyələşdirmə, islam maliyyə alətləri və "yaşıl" layihələrin dəstəklənməsi də yer alır.
ABA rəhbəri əlavə edib ki, assosiasiya dövlət qurumları ilə banklar arasında dialoqun gücləndirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
